"YAŞAT" Fondu milli birliyimizin və həmrəyliyimizin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılmasının əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi və bu sahəyə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasıdır. Həmçinin bu fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün nəzərdə tutlmuşdur. Fondun vəsaiti şəhid ailəsi statusu alana və ya əlillik dərəcəsi müəyyən edilənədək müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, habelə, peşə hazırlığına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə və onların məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəldilir.

"YAŞAT" Fondu Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırmış və onlar müvafiq təlimlərə cəlb edilmişdir. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələrin daxil olması dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr hesabına formalaşdırılır. Bu fond qazilərimizə və şəhidlərimizin ailələlərinə yardımların göstərilməsi ilə, əslində dövlətimizində humanist siyasətini yerinə yetirir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilmişdir. Bu gün “YAŞAT” Fondunun öhdəliyə götürdüyü şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsidir.

İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manatı fiziki şəxslər hesabından, 9 976 815,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fondu işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvlərinə və qazilərimizə həvalə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər - 2021-cil 30 yanvar tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” (QDF) yaradılmışdır. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı altında böyük zəfərə imza atdı, öz ərazilərini Ermənistanın işğalından azad etdi. Bu gün ölkə rəhbərliyinin bu sahədə apardığı işlər otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mənəvi sərvətləri talan edilmiş ərazilərimizin yenidən bərpası, ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm amilidir.

Xalqımızın vətənpərvər nümayəndələrinin həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyətlə bağlı deyildir. Bu, həm də milli-mənəvi birliyimizi möhkəmləndirir, Vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun hesabına vəsait köçürən insanlarımız bu humanist işdə onların da paylarının olması ilə daim fəxr edəcəklər. QDF Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcəkdir. Məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaqdır.

Eyni zamanda işğaldan azad olunmuş torpaqlardan zamanında köçkün düşmüş əhaliyə, dövlət əmlakına, sahubkarlıq subyektlərinə maddi təminatlar ödənilməsi naminə dövlətimiz tərəfindən müxtəlif tədbirlər nəzərdə tutlmuşdur. Bunun üçün bu sahədə sistemli şəkildə işlərin görülməsi naminə Azərbaycan höküməti tərəfindən, Dövlət Komissiyası yaradılmışdır. Dövlətimizin bu qayğısı müharibədən zərər çəkmiş bütün mülki əhalini xüsusilə əhatə edəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir. Və zərərçəkmiş mülki əhaliyə göstərilən bu qayğılar heç də bununla bitməyəcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edəcəkdir.

Vətən Müharibəsində iştirak etmiş şəxslərin əlavə imtiyazlarını ödəmək, onların üzləşdikləri problemlərin operativ şəkildə aradan qaldırmaq məqsədilə Müdafiə Nazirliyində tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması tədbirləri görülür. Komissiya üzvləri belə tədbirlərin bir çoxunu yerindəcə həll etməyə müyəssər olur.

Mən bir Birinci Qarabağ Müharibəsi iştirakçısı kimi, dövlətimizin mənim kimi imtiyazlı müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının şahidiyəm. İkinci Vətən Müharibəsi iştirakçıları da bu qayğı ilə əhatə olunmaqdadırlar. Belə ki, 30 yanvar 2021-ci il tarixində AR Nazirlər Kabinetinin 24 saylı qərarı ilə yaranmış komissiya “Müharibə iştirakçisi adının verilməsi” işinə baxır və ən qısa zamanda bu barədə müvafiq qərarın verilməsinin şahidi olacağıq. 10 noyabr 2020-ci il tarixindən Ermənistanla müharibə bitmiş hesab olunur. Amma ki, riyakar düşmən hərbi sahədə uduzmağı ilə barışa bilmir. Minalanmış sahələrdə hərbçilərimiz, həmin ərazilərin dirçəldilməsi ilə məşğul olan mülki vətəndaşlarımız minalara tuş gələrək sağlamlıqlarını, həyatlarını itirirlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

Tarixi qələbə heç vaxt unudulmayacaq şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi sayəsində savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Bu sahəyə aid olan bir çox imtiyazların üzərində dayanmaq istərdim.

Hərbçilərin sosial statusunun dəstəklənməsi məsələsi, qazi və şəhid ailələrinə göstərilən qayğı dövlət tərəfindən sistemli şəkildə həyata keçirilməsi, onlara göstərilən qayğı dövlətin maksimum potensial imkanları hesabına qarşılanır.

Sonda bildirmək istərdim ki, Dövlət Sığorta sistemi dövlət başçımız İlham Əliyevin göstərişinə uyğun olaraq, qazi və şəhid ailələrinə bir az da yaxınlaşdırılıb. Belə ki, şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq, Az.Sığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib. Və qeyd etməliyəm ki, bu hələ son deyil. Dövlətimiz öz imtiyazlı təbəqəsi olan, qazilərimizi, şəhid ailələrimizi əlavə qayğı və diqqətlə əhatə etmək əzmindədir.

Fərhad Bağırov,
Qarabağ Müharibəsi Veteranı, QMƏVŞA İB-in Nizami rayon filialının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...