Kim sağlam və uzun yaşamaq istəyirsə BU QİDADAN MÜTLƏQ İMTİNA ETSİN - MÜSAHİBƏ

Tanınmış həkim, fitoterapevt Sadiq Salaminin müsahibəsini təqdim edirik:

- Qış aylarında daha çox hansı xəstəliklər yayılır? Bundan qorunmağın yolları nələrdir?

- Payız və qışda soyuqdəymə və zökəm həmişə olub. Əvvəllər heç koronavirus bilinmirdi və hərarət də, öskürək də olurdu. Heç kim də təlaşa düşmürdü. Hamı da türkəçarə ilə özünü müalicə edirdi. Məsələn, bəzi insanlar keçi piyi udurdu və yaxud onunla masaj olunurdu, bəzisi bankalanırdı, bəzisi də müxtəlif otlardan istifadə edirdi. Qızdırmanı aşağı endirmək üçün bədənə alma sirkəsi vurulurdu. Lakin son illər göstərdi ki, insanlar biraz qızdırması olan kimi koronavirus qorxusu ilə təlaşa düşür. Analiz cavabı da 2-3 günə gəlir. Koronavirusun əlamətləri adi qrip ilə biri-birinə çox bənzəyir. Adi qripdə istilik hətta koronavirusdan daha çox olur. Xəstəliyə yoluxmamaq üçün ilk növbədə immuniteti möhkəm saxlamalıyıq.

- Qış aylarında rəngli vitamin qəbulunun faydası var? Bunu nə ilə əvəz etmək olar?

- C vitamini daha çox sitrus meyvələrindədir. Təbiətdə elə bitkilər var ki, məsələn, “quşarmudu” deyilən bir meyvə var. Bu meyvə şaxtalar düşəndə yetişir. Əsasən İsmayıllıda olur. Onda da C vitamini sitrusdan daha çoxdur. Həmçinin, yaşıl çayda da bol C vitamini olur. Qış aylarında daha çox vitaminə ehtiyac var. Vitaminləri aptekdən almaq lazım deyil. İndi daha çox D vitamini alınır. Ən çox reklam olunan da bu vitamindir. Elə qidalar var ki, məsələn dəniz məhsullarında, yumurtada, mal və qoyunun qaraciyərində, bildirçin yumurtasında, keçibuynuzu meyvəsində D vitamini çoxdur. İnsanlar isə nə isə hazırlamaq üçün çox tənbəldir.

- Bəzi insanlar iştahlı olmaq üçün dərmanlar qəbul edirlər. Bu dərmanlar haqqında nə deyə bilərsiniz?

- Bu dərmanlar orqanizmə pis təsir edir. Bunun üçün bəzi qida və adətlərdən imtina etmək lazımdır. Çox yeməkdən imtina etmək lazımdır. Hər kəs öz normasını bilməlidir.

- İnsanların su sevməsi üçün suyu necə dadlandıra bilərik?

- Biz, hamının ağız dadını bilmirik. Amma mən, öz evimdə belə hazırlayıram: ilk öncə limonu qoyuram dondurucuya, daha sonra həmin o limonu və limonun yarısı boyda zəncəfili 2 litrlik qaba rəndələyirəm. Axşamdan 2 litr də adi su əlavə edirəm və gün ərzində onu içirəm.

- Böyük şəhərlərdə təmiz su tapmaq problemi var. Bu barədə nə deyə bilərsiniz?

- Bu indi o qədər də problem deyil. Çünki marketlərdə cürbəcür sular var. Həmçinin xüsusi su filterləri də mövcuddur. Buradan süzülən su yaxşı təmiz sudur. Ya da suyu plastik qaba doldurub qoyuruq soyuducunun buz hissəsinə. Səhərə qədər o donur. Əriyəndən sonra dibində çöküntü qalır. Çöküntünü tökürük və təmiz su əldə edirik.

- Mədə yanmasına qarşı hansı qidaları seçməliyik? Hansı qidaları qarışdırmaq olmaz?

- Ümumiyyətlə, yeməkləri qarışdırmaq olmaz. Yağlı və çox şirin qidalara üstünlük vermək də çox yanlışdır. Bura şokolad da daxildir. Söhbət həddindən artıq yağlı yeməkdən gedir. Elə adam var ki, bir kasa yağlı bozbaşın üstündən şirin çay ilə qoğal yeyir. Bu adamın mədəsində problem olması təbii ki, normaldır. Axı bunlar bir-biri ilə uyğun gəlmir. Kim sağlam və uzun yaşamaq istəyirsə şirniyyatdan imtina etsin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...