“Ciddi şəkildə əmək sərf edirik ki, koronaviruslu xəstələrə xidmət göstərən tibb personalımız virusa yoluxmasınlar” GÜLYAZ FƏRƏCOVA

Artıq bir aydan çoxdur ki, Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı ən ağır koronavirslu xəstələrin müalicəsi ilə məşğul olur. Belə gərgin iş şəraitində çalışan işçilərdən biri də Hospitalın Baş Tibb bacısı Gülyaz Fərəcovadır.

Gülyaz Fərəcova 1989-cu ildə Rusiya Federasiyasının Çita şəhərində Tibb Kollecini bitirib. O, təhsilini bitirdikdən sonra 1989-1991-ci illərdə Rusiyanın Çita şəhərində yerləşən Mərkəzi rayon xəstəxanasında, 1991-2002-cu illərdə Çita şəhərinin uşaq klinik xəstəxanasında öz ixtisası üzrə çalışıb. 2003-cü ildə Azərbaycana qayıdan Gülyaz Fərəcova fəaliyyətini 2003-2005-ci illərdə Leyla Şıxlinskaya Klinikasında, daha sonra 2005-2009-cu illərdə Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı kimi davam etdirib. Gülyaz Fərəcova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında baş tibb bacısı kimi fəaliyyət göstərir.

Hazırda Gülyaz Fərəcova Mərkəzi Gömrük Hospitalında intensiv iş rejimində koronaviruslu xəstələrə xidmət edən tibb heyəti ilə birlikdə yorulmadan çalışır. İndi Gülyaz xanımın işi daha məsul və diqqət tələbedəndir. Koronavirusa qarşı preventiv tədbirlər çərçivəsində Baş Tibb bacısı ciddi nəzarət edir ki, Hospitalın daxili əraziləri daim dezinfeksiya olunsun, infeksiya əleyhinə olan xüsusi lampalar lazımi qaydada istifadə edilsin. Baş Tibb bacısı vəzifələri ilə yanaşı Gülyaz xanım koronaviruslu xəstələrə xidmət göstərən bütün tibb personalının xüsusi qoruyucu geyim dəstlərini düzgün geyinməsinə nəzarət edir və hər bir incə detalı dəfələrlə yoxladıqdan sonra heyəti iş başına yola salır. Eyni zamanda o, ağır iş günündən sonra tibb personalının geyim dəstlərinin düzgün qaydada çıxarılmasına da nəzarət edir. Bu çox önəmlidir, cünki bu prosedurda hansısa səhvə yol verərlərsə, yoluxma baş verə bilər.

Gülyaz Fərəcova deyir: “Tibb heyətinin növbəsi dəyişildiyi zaman qoruyucu geyim dəstlərinin çıxardılması prosesinə gərgin də olsa, ciddi şəkildə əmək sərf edirik ki, koronaviruslu xəstələrə xidmət göstərən tibb personalımız virusa yoluxmasınlar. Çalışırıq xidmətimizi yüksək səviyyədə quraq ki, tibb işçilərimizin arasında yoluxmalar olmasın. İndi bizim əsas amalımız odur ki, pandemiya dövründə üzərimizə qoyulan bu məsul işin öhdəsindən yüksək səviyyədə gələk”.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...