Hemodializ və immunosupressiv xəstələrdə COVID-19 profilaktika qaydaları

Qlobal problemə çevrilən koronavirus COVID-19-a qarşı dünyada ciddi mübarizə aparılır. Bu infeksiyaya yoluxanların sayı hər an artır. Risk qrupuna daxil olan hemodializ və immunosupressiv xəstələrin koronavirusa yoluxma ehtimalı daha yükşək ola bilər. Belə ki, bu virus xroniki xəstəliyi olan və immun sistemi zəif olan insanlara daha tez təsir edir və bu virusun ağırlaşmaları onlarda daha çox qeyd olunur. Hemodializ və immunosupressiv xəstələrin bu virusdan qorumaq üçün onlara xidmət göstərən tibbi personal xüsusi qaydalara riayət etməlidir. Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov bu barədə ətraflı məlumat verib.

Qaydaları sizə təqdim edirik:

• Dializ xəstələrinin yaxınlarının xarici ölkələrə səfərləri və təmasları haqqında periodik məlumat toplanmalıdır;

• Dializ xəstələrinə və onların yaxınlarına koronavirus COVID-19-un simptomları, fəsadları və profilaktikası haqqında ətraflı məlumat verilməlidir;

• Dializ seansından öncə xəstəyə zəng edillib, onun sağlamlığı haqqında məlumat alınmalıdır. Xəstədə temperatur, öskürək, təngənəfəslik və konyuktivit kimi simptomların olmaması dəqiqləşdirilməlidir;

• COVİD-19 simptomları olan xəstələr üçün dializ mərkəzlərində ayrıca girişi olan gözləmə yeri və dializ otaqları ayrılmalıdır;

• Dializ seansı qəbul edən xəstələr ictimai nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Dializ xəstəsinin gətirildiyi nəqliyyat vasitəsində N 95 maskası, spirt tərkibli əl dezinfektantı kimi gigiyenik vasitələr olmalıdır. Avtomobildə olan şəxslərin hər biri maska taxmalıdır;

• Gözləmə otağında maska və əl dezinfektantı kimi gigiyenik vasitələr olmalıdır. Xəstə və onun yaxınları maska taxmalıdır. Temperaturu və təngənəfəslik kimi simptomları olan xəstələr dərhal test olunmaq üçün uyğun müalicə müəssisəsinə göndərilməlidir;

• Gözləmə və müalicə otaqlarında havalandırma sistemi olmalıdır;

• Xəstələr dializ seansı zamanı maska taxmalı və yemək yeməməyə çalışmalıdırlar. Hipoqlikemiyanın qarşısını almaq üçün şəkərli qidalardan istifadə edilə bilər;

• Dializ seansından əvvəl və sonra bütün xəstələrin temperaturu ölçülməli, 37,2ºC və üzərində olanlar şübhəli xəstə kimi dəyərləndirilməlidir;

• Temperatur, öskürək, təngnəfəslik və konyuktivit kimi simptomları olan bütün xəstələr COVID-19 görə müayinə olunmalıdırlar. Xəstənin test cavabı neqativ olduqdan sonra dializ seansına başlanmalıdır;

• COVID-19 xəstələrə ilk növbədə onlar üçün ayrılmış mərkəzdə hemodializ seansı aparılmalıdır. Bu mümkün olmadıqda izolyasiya olunmuş xüsusi otaqda bu prosedur aparıla bilər. Ayrıca otaq təşkil etmək mümkün olmadıqda, ümumi dializ otağının daxilində izolyasiya olunmuş sahə ayrılmalıdır. Bu da olmadıqda digər xəstələrdən ən az 2 metr məsafədə yerləşən yataqda dializ seansı aparıla bilər. HBsAg (+) xəstələr üçün ayrılmış palatalardan da istifadə oluna bilər. Bu xəstələrə cərrahi və ya N95 maskaları taxılmalı, tibbi personal tələb olunan qoruyucu vasitələrdən: maska, eynək və paltarlardan istifadə etməlidirlər;

• Ilkin olaraq COVID-19 xəstələri üçün ayrıca cihazın ayrılması tövsiyyə olunur. COVID-19 xəstəsi üçün istifadə olunan cihaz lazımi dezinfeksiya aparıldıqdan sonra digər xəstələrdə istifadə oluna bilər.

• COVID-19 diaqnozu təsdiqlənmiş və ya şübhəli olan xəstələrə xüsusi ayrılmış tibbi personal dializ xidməti göstərməlidir. Bu xəstələrin palatasına xəstə yaxını daxil olmamalıdır;

• COVID-19 xəstələrinə xidmət edən tibbi personal əllərini maye sabunla axar su altında ən azı 20 saniyə ərzində yumalı və spirtli dezinfektantlardan istifadə etməlidir. Daha sonra əlcək, uzunqollu su keçirməyən önlük, baş geyimi, eynək, üzqoruyucu, tənəffüs havasındakı zərrəciklərin və qazların 95-99 % qarşısını alan tibbi maskalar geyinməlidir. Bu vasitələr palataya girişdə yerləşdirilməlidir. İstifadə olunmuş qoruyucu vasitələrin atılması üçün palatanın girişində və palatada tibbi tullantı qabları olmalıdır;

• Qoruyucu vasitələr geyinildikdə və çıxarıldıqda sıralama qaydalarına riayət olunmalıdır:

a)Geyinərkən önlük → maska → eynək → üzqoruyucu → əlcək;

b) Çıxararkən əlcək → eynək → üzqoruyucu → önlük → maska.

Maska xəstə palatadan çıxdıqdan sonra çıxarılmalı və əllər maye sabun ilə girişdəki qaydada yuyulmalıdır;

• Əlcəyin kontaminasiya olduğu hallarda əlcək çıxarılmalı, əllər sabunla yuyulmalı, antiseptiklə işlənməli və yeni əlcək geyinilməlidir;

• Dializ seansı sonrasında xəstənin müalicə edildiyi palatada olan bütün əşyalar təmizlənməli, dezinfeksiya olunmalıdır. Təmizləmə və dezinfeksiya işlərini aparan personal qoruyucu vasitələrdən (əlcək, önlük, cərrahi maska, eynək ) istifadə etməlidir. Təmizlik işləri aparılana qədər palata digər xəstələr üçün istifadə olunmamalıdır;

• Qoruyucu vasitələr birdən çox COVID-19 xəstələrində istifadə olunursa, hər xəstədən sonra təmizlənməli və dezinfeksiya edilməlidir;

• COVID-19 diaqnozu təsdiqlənmiş və ya şübhəli xəstələrin tibbi tullantıları infeksiyalaşmış tibbi tullantıya uyğun şəkildə atılmalıdır;

• Lazım olmadıqda infeksiyalı xəstələr palatadan çıxmamalıdır. COVID-19 xəstəsinin dializ mərkəzindən başqa yerə təxliyyəsi lazım olan hallarda, xəstə tibbi maska taxmalı, təxliyyə edən personal qoruyucu vasitələrlə tam təchiz olunmalıdır;

• Damaryolu cərrahiyyəsi lazım olan xəstələr COVID-19 görə müayinə olunmalıdır. COVID-19 diaqnozu təsdiqlənən və ya şübhəli xəstələrin əməliyyatları, tibbi personal üçün vacib qoruyucu tədbirlər təşkil olunmuş əməliyyatxanada icra edilməlidir;

• Mümkün qədər xəstələrin həftəlik hemodializ seansı sayının azaldılması tövsiyyə olunur. Bu yanaşma xəstələrin dializ mərkəzinə gəlib-getməsi zamanı COVID-19 yoluxma riskini azaldacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə