Suraxanıda insanlar tibbi müayinəyə cəlb edilib

Suraxanıda insanlar tibbi müayinəyə cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.

Bu günə qədər rayon üzrə 139 min 200 nəfər və 121 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan 3077 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 101 nəfər stasionar müalicəyə cəlb edilib, 236 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli Şəhər Poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacağa Bağırov bildirib ki, poliklinika müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilib. Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. O qeyd edib ki, poliklinika 19150 nəfər böyük əhaliyə və 6138 uşağa xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçir. 1 may 2018-ci il tarixinədək 17511 nəfər böyük əhali tibbi müayinədən keçib. Müayinədən keçən əhalinin 329 nəfərərində müxtəlif xəstəliklər aşkar olunub və 14 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəlik aşkar edilən vətəndaşların müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların evlərində tibbi xidmət göstərirlər.

Bülbülə qəsəbə sakinləri Gülü Məmmədova, Malik Həsənov yaradılan şəraitdən razılıqlarını bildiriblər. Qeyd olunub ki, bu aksiya bir daha göstərir ki, dövlət başçısı hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə