Ötən il təcili yardıma 681 mindən artıq müraciət daxil olub YENİLƏNİB
Ötən il Səhiyyə Nazirliyi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub ki? bu da 2015-ci illə müqayisədə 36 mindən çox olub. SİA-nın xəbərinə görə, bu barədə stansiyanın baş həkiminin müavini İradə Əliyeva ötən ilin yekunları ilə bağlı keçirilən hesabat konfransında məlumat verib.
O bildirib ki, edilən müraciətlərdən 63 mindən çox halda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdiriblər. İ.Əliyeva söyləyib ki, uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub ki, onlardan da xəstəxanalara yerləşdirənlərin sayı 13 mindən artıq olub: "Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 min nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın; insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950; doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290; avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.
Təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilmişdir.
Təcili Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur və ya əlavə edilir".
A. Əliyeva söyləyib ki, ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəqəmsal və plyonkalı rentgen apparatları ilə təmin olunmuşdur. Portativ rentgen apparatının olduqca əhəmiyyətli müsbət cəhətləri var. Belə ki, ağır yataq xəstələrini bəzən tərpətmək olmaz və ya mümkün deyil, bu zaman rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, ev şəraitində rentgen müayinəsi aparılır. Həmçinin ev şəraitində laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir: "Fəlakətlər və kütləvi hadısələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə kartı tərtib edildiyindən, kartla işləmə qaydasını aşılamaq məqsədi ilə bölmələrdə təlim məşqləri keçirilmiş, tibb işçilərinin praktik bilikləri qiymətləndirilmişdir.
Təcili və təxirəsalınmaz tibbi yardımın həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədi ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda və respublikadan kənarda keçirilən təkmilləşdirmə kurslarında mütəmadi olaraq iştirak edirlər. Stansiyanın bütün həkim heyəti sertifikasiyadan keçmiş, bir çoxları yüksək ixtisas dərəcələri almışdır. Orta tibb heyətinin tam sertifikasiyası sona çatmaq üzrədir.
Tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. BŞT və TTYS bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB