Ana ölümü göstəricisi 14,4-ə düşüb RƏSMİ

Ana ölümü göstəricisi 14,4-ə düşüb RƏSMİ

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib. SİA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ki, ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb: "Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir. Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir".

Azərbaycanda ailə həyatı quran şəxslərin tibbi müayinəsindən danışan nazir söyləyib ki, bu proses kifayət qədər mürəkkəb olsa da qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda təşkilinə nail olunub.

"Təəssüf ki, müayinədən keçənlərin 7%-də irsi qan xəstəlikləri aşkar olunub. Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir".- deyə, Oqtay Şirəliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə