DİQQƏT: Kompüter qarşısında uzun müddət vaxt keçirən əsla bunları etməyin - HƏKİM AÇIQLADI
"Kompüter qarşısında uzun saatlar çalışan insanlar göz sağlamlıqlarını qorumaq üçün bir sıra tədbirlər görməlidirlər. Bu cür iş rejimi zamanı gözlər davamlı olaraq ekrana fokuslandığı üçün yorğunluq, quruluq, yanma, bulanıq görmə və digər narahatedici simptomlar meydana çıxa bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur deyib.
Onun sözlərinə görə, bu halların qarşısını almaq üçün ilk növbədə xüsusi qoruyucu eynəklərdən istifadə etmək tövsiyə olunur:
"Mavi işığı süzgəcdən keçirən bu eynəklər gözləri zərərli ekran şüalarından qoruyur və onların daha az yorulmasına kömək edir. Bundan əlavə, retina üçün qoruyucu xüsusiyyətə malik göz damcılarından istifadə etmək də göz quruluğunu və yorğunluğunu azaltmağa kömək edə bilər. Bu damcılar gözün nəmlənməsini təmin edir və ekran qarşısında uzun müddət işləyən şəxslər üçün olduqca faydalıdır.
Uzun müddət kompüter ekranına baxmaq təkcə gözlərə deyil, ümumi sağlamlığa da mənfi təsir edə bilər. Buna görə iş mühitinin düzgün təşkili vacibdir. Ofis otaqları kifayət qədər işıqlı olmalıdır. Təbii işıq üstünlük təşkil etməli, süni işıqlandırma isə gözləri yormayan səviyyədə olmalıdır. İş masasının və oturacağın hündürlüyü bir-birinə uyğun olmalıdır ki, oturan şəxs düzgün və rahat bədən vəziyyətində işləyə bilsin. Bu həm də onurğa, boyun və bel ağrılarının qarşısını almağa kömək edir.
Eyni zamanda, fasilələrə riayət etmək olduqca önəmlidir. Hər 45-50 dəqiqəlik fasiləsiz işdən sonra ən azı 5-10 dəqiqəlik qısa fasilə verilməlidir. Bu zaman gözləri ekrandan uzaqlaşdırmaq, pəncərədən uzaqlara baxmaq və ya yüngül gəzinti etmək tövsiyə olunur. Bu cür qısa fasilələr gözlərin dincəlməsinə, qan dövranının yaxşılaşmasına və ümumi məhsuldarlığın artmasına müsbət təsir göstərir. Kompüter qarşısında uzun müddət işləyən şəxslər həm göz sağlamlıqlarını, həm də ümumi bədən sağlamlıqlarını qorumaq üçün düzgün iş şəraiti yaratmalı, qoruyucu vasitələrdən istifadə etməli və fasilələri unutmalıdırlar. Bu cür sadə, lakin təsirli tədbirlər gələcəkdə daha ciddi sağlamlıq problemlərinin qarşısını almağa yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə