Son vaxtlar bazarlarda mənşəyi bilinməyən, xüsusilə də İrandan gətirilən ucuz qida məhsullarına tələbat artıb. Üzərindəki yazılar fars dilində olduğu üçün alıcılar bu məhsulların tərkibi və keyfiyyəti barədə məlumat ala bilmirlər. Halbuki, belə məhsullar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bəs, istehlakçı təhlükəsiz qidanı necə tanısın və seçim zamanı nələrə diqqət etsin? Bu məhsulların keyfiyyətinə nəzarət varmı? Daha ucuz qiymətə satılan qidaların tərkibi təmizdirmi?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, ucuz məhsullar istehsal edilərkən çox vaxt keyfiyyəti aşağı xammaldan, normadan artıq konservant və boya maddələrindən istifadə olunur:
"Bu maddələr orqanizmdə uzunmüddətli təsir göstərərək qaraciyər, böyrək və mədə-bağırsaq sisteminə zərər vura bilir. Xüsusilə süd məhsulları, ədviyyatlar, şirniyyatlar və içkilər kimi məhsullarda qida qatqılarının normadan artıq olması allergiya, hormonal pozğunluq və həzm problemləri yarada bilər. Məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır. İstehsalçı, tərkib, enerji dəyəri və son istifadə tarixi mütləq göstərilməlidir. Əgər bunlar yoxdursa, məhsul qanunsuz idxal hesab olunur. Qida məhsulu günəş işığında, yüksək temperaturda satılırsa, keyfiyyəti artıq şübhə altındadır. Real bazar qiymətindən xeyli ucuz və ya qeyri-peşəkar qablaşdırılmış məhsullardan uzaq durmaq lazımdır. Qida kəskin, süni qoxu yayırsa, normadan artıq parlaq rənglidirsə, tərkibində kimyəvi qatqılar çoxdur. Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət edir. Lakin bazara rəsmi qeydiyyatsız, fərdi yollarla gətirilən mallar nəzarətdən kənarda qalır. Bu cür məhsulların çoxu sertifikatsız olur, yəni onların təhlükəsizlik standartlarına cavab verdiyi sübut edilməyib. Buna görə də istehlakçı yalnız sertifikatlı və qeydiyyatdan keçmiş markalara üstünlük verməlidir. Satıcıdan məhsulun mənşəyi və sənədi barədə soruşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə