Marketlərdə satılan meyvə şirələrinin hansı təhlükələri var? - MÜTƏXƏSSİS AÇIQLADI
Meyvə şirələri bir çox insan üçün həm dadlı, həm də faydalı hesab olunan içkilərdən biridir. Xüsusilə də "100% təbii", "əlavə şəkərsiz", "konservantsız" kimi ifadələrlə təqdim olunan hazır şirələr sağlamlıq baxımından müsbət təsir bağışlasa da, bu cür məhsulların əslində nə qədər sağlam və təhlükəsiz olduğu hər zaman sual doğurur.
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, bazarda, marketlərdə satılan meyvə şirələri həqiqətən təmizdirsə, sanitar-qigiyyena qaydalarına uyğun şəkildə çəkilibsə, üzərində 100% meyvə şirəsi yazısıyla yanaşı, əlavə şəkərsiz, konservansızdırsa və az müddət üçün bu şirələr təbii ki, istifadəyə yararlıdır, bunlardan içmək olar.
Onun sözlərinə görə, ancaq hazır paketlənmiş şirələr heç də təzə meyvə tərəvəzinin və yaxud da yeni meyvə şirəsinin yerini verə bilməz, çünki onların sağlamlıq üçün bir çox riskləri var: "Birinci növbədə mütləq şəkildə, əgər meyvə şirələri alınacaqsa, onun etibarlı markanın məhsulu olduğuna diqqət etmək lazımdır, rəhv ömrü uzun olmamalıdır. Əgər təbii meyvə şirəsi şəklində çəkilibsə və bütün bu hallarda təxmini olaraq bir stəkan həcmdə 250 ml hazır şirədə 5-6, bəzən daha artıq miqdarda, çay qaşığına yaxın şəkər ola bilir ki, bu da gün ərzində qəbul ediləcək şəkər miqdarından çox olduğuna görə və xüsusilə də az yaşlara artıq miqdarda şəkər qəbul olunursa, bu, onun sağlamlıq problemlərinə gətirib çıxara bilər.Ona görə davamlı, gündəlik istifadə üçün belə şirələrdən istifadə etmək tövsiyə olunmur. Bu məqamlarda diqqət almaq lazımdır.
Ən faydalı, əgər meyvə şirəsi içiləcəksə, bu, yeni sıxılmış meyvə şirəsi olmalıdır və miqdarı keçməmək şərti ilə. Çünki bəzən yeni sıxılmış meyvə şirəsindən istifadə edərkən həddindən artıq çox meyvə istifadə olunursa, bu da lazımı miqdardan artıq vitamin, mineralın qəbuluna gətirib çıxara bilər. Eyni zamanda, meyvə şirələri həm təbii, həm də paketlənmiş liflərdən azad olduğuna görə, bu da həzm prosesinin pozulmasına gətirib çıxarır. Amma təbii meyvələrdə liflərlə zəngin olduğuna görə, bu, həzm sisteminin daha yaxşı işləməsinə, xüsusilə də bağırsaq sağlamlığı üçün ən önəmli amillərdən biridir ki, bu məqamı da yaddan çıxartmaq olmaz. Qanda şəkərin sürətlə artmasına, şəkərin həddindən artıq çox qəbul olunması nəticəsində yaranan piylənməyə, diabet riskinə səbəb ola bilər. Davamlı olaraq bu şəkildə rafin olunmuş şəkər qəbul edən insanlarda yorğunluq, aclıq, enerjinin aşağı olması və şəkərdən asılılıq yarandığına görə davamlı olaraq şəkər qəbul istəyi olur ki, bu da sağlamlığa zərər verə bilər və diş çürüməsinə də gətirib çıxara bilər.
Hazır meyvə şirələrinin tərkibində vitamin-mineral dəyəri təzəyə nisbətən azdır və demək olar ki, əgər emal prosesi keçirilərək şirə hazırlanırsa, meyvələrin tərkibində C vitaminin zəngin olduğunu bilsək də, hazır meyvə şirələrində C vitamini demək olar ki, yox səviyyəsinə çatır və bu da onun vitamin-mineral dəyərinin aşağı olmasına göstərir. Hazır meyvə şirələrində istifadə olunan süni, sintetik mənşəli rəngləndiricilər, dadlandırıcılar, aroma vericilər var ki, bunları davamlı istifadə edən insanlarda qaraciyər və böyrəyin funksiyasının pozulması ilə yanaşı, həzm sisteminin pozulması baş verir. Xüsusilə də bağırsaq florasının zədələnməsinə gətirib çıxarır, allergik reaksiyalara, dəridə səpkilərə, qaşıntıya səbəb olur və bu sintetik, mənşəli qatqı maddələri çox istifadə olunduqda baş ağrısına da gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə