Hər gün müntəzəm piyada gəzməliyik, çünki…

Yaşından asılı olmayaraq hər kəs həftədə ən azı iki saat yarım gəzməlidir

Sağlamlığımızla yaxından əlaqəli olan əsas bir fiziki fəaliyyətdən bəhs etmək istəyirik bu gün. Belə ki, hər gün müntəzəm piyada gəzmək lazımdır, çünki... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bədən orqanları həm özlüyündə, həm də bir-biri ilə ahəngdar işləyir. Bu mənada “sağlıq” sözünə həm də “bədənin harmoniyası” demək olar. Orqanlarda fəaliyyətin pozulması xəstəliklərə gətirib çıxarır.

Tibb dünyası nəinki xəstəliklərin müalicə üsullarına, həm də onların baş verməzdən əvvəl qarşısının alınmasına diqqət yetirir. Bu məqsədlə insanların fiziki fəaliyyətləri, qidalanmaları və yuxu rejimini səmərəli edəcək təkliflər hazırlanır. Daimi gəzinti bütün bədəni hərəkət etdirən və onu formada saxlayan fəaliyyətlərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatı yaşından asılı olmayaraq hər kəsə həftədə ən azı iki saat yarım piyada gəzməyi tövsiyə edir. İdeal gündə yarım saat gəzməklə həftəni üç saat yarımla tamamlamaqdır. Çünki nizamlı gəzinti xüsusilə ürək sağlamlığında əsas rol oynayır. Qan dövranını tənzimləyən gəzinti maddələr mübadiləsini sürətləndirərək artıq çəkinin qarşısını almaq üçün ən təsirli üsul hesab edilir. Yerimək həm də əzələ və skelet sisteminin ən yaxşı dostudur, çünki əzələləri gücləndirir, oynaqların elastikliyini artırır. Araşdırmalar göstərir ki, nizamlı işləyən bədənin immuniteti yerimək sayəsində yüksəlir.

Müntəzəm piyada gəzinti təkcə bədənimiz üçün deyil, ruhumuz üçün də faydalıdır. Yeriyərkən ifraz olunan endorfin hormonu xoşbəxtlik səviyyəsini artırır, stressi azaldır. Gəzinti ilə tənzimlənən orqanlar daha yaxşı yatmağı təmin edir. Günə dincəlmiş bədən və təmiz ruhla başlamaq həm də bizə özümüzü yaxşı hiss etmək imkanı verir. Dostlarımız və ya ailə üzvlərimizlə gəzmək isə sosial bağlarımızı gücləndirməyə kömək edir.

Bu gün cib telefonları və ağıllı saatlar gündəlik yerimə vaxtını və addımları hesablayır. Gündəlik addım sayını bu şəkildə də tənzimləyərək mütəmadi olaraq gəzməyi vərdişə çevirmək mümkündür. Çünki nizamlı gəzmək sağlamlıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə