Binəqədidə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyası tərəfindən bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə rayon təşkilatının inzibati binasında Binəqədi rayon seçiciləri ilə görüş keçirilib.

Görüşdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov dövlət başçısı, prezidentliyə namizəd Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu söyləyib. İqtisadi uğurlarımızdan ətraflı danışan sədr ölkəmizin istehsal potensialının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artdığını bildirib. İqtisadi uğurların ictimai, siyasi və digər uğurlarımızın qarantı olduğunu qeyd edərək, ölkə prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları uzaqgörən siyasətin bariz nümunəsi olduğunu qeyd edib. R.Göyüşov, həmçinin dövlət başçısının uğurlu xarici siyasətindən danışıb. Məhz Cənab İlham Əliyevin səyləri və təşəbbüsləri ilə ölkəmiz tərəfindən reallaşdırılan irimiqyaslı beynəlxalq və regional layihələrdən Ermənistanın təcrid olunduğunu qeyd edib. Ermənistanın çox ağır iqtisadi, siyasi vəziyyətindən danışaraq Azərbaycandakı uğurlu islahatlar və ordu quruculuğundakı yüksək nailiyyətlər haqqında ətraflı məlumat verib. Dövlət başçısının siyasi iradəsi ilə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edərək, bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında dövlət başçısı Cənab İlham Əliyevin ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına yüksək diqqət verdiyini və bu istiqamətdə çoxsaylı uğurlu islahatları həyata keçirdiyini söyləyib. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilib, istifadəyə verilməsinin və milli məhsullarımızın ixracat potensialının artırılmasının deyilənlərə əyani sübut olduğunu bildirib. Ölkəmizdə infrastruktur layihələrinin uğurla icra olunmasını, son 15 il ərzində çoxsaylı körpülərin salınmasını, ən ucqar dağ kəndlərinə belə yolların çəkilməsini, abadlıq-quruculuq işlərinin geniş vüsət almasını insanlarımızın rifahı və rahatlığı naminə atılan addımlardan bir olduğunu vurğulayıb. E.İbrahimov

eyni zamanda, ölkəmizin dünyada artan nüfuzundan, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, bu yaxınlarda Bakıda keçirilən VI Qlobal Bakı Forumundan bəhs edərək, bütün bunları Cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi adlandırıb və ölkəmizin beynəlxalq arenada tanıdılmasına hesablandığını qeyd edib. Növbəti illər ərzində də ölkəmizin sürətli inkişafı və tərəqqisi naminə bütün seçiciləri Cənab İlham Əliyevi dəstəkləməyə və səs verməyə çağırıb.

Milli Məclisin deputatı Madar Musayev çıxış edərək bildirib ki, Cənab İlham Əliyevin seçki platforması onun gördüyü işlər, dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Ölkəmizdə bütün sahələrdə əldə olunan inkişaf və tərəqqi insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına imkan yaradır. Təbii ki, bütün bunlar ölkə Prezidenti Cənab İlham Əliyevin dövləti və xalqı üçün gördüyü əvəzsiz işlərin nəticəsidir. Millət vəkilinin sözlərinə görə, xalqımız ölkəmizə qarayaxmağa çalışan heç bir qüvvəyə aman verməməli, öz rəhbərini daim müdafiə etməli, dövlət təhlükəsizliyinin təmin olunmasını hər bir məqsəddən üstün tutmalıdır. M.Musayev çıxışının sonunda bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Görüşdə çıxış edən bir qrup seçici – Anar Əliyev, Eldar Qurbanov, Vüsalə Fətullayeva seçkilərə «İlhamla İrəli» şüarı ilə gedərək, Cənab İlham Əliyevi dəstəkləyəcəklərini və Azərbaycanın işıqlı gələcəyinə səs verəcəklərini söyləyiblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə