Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanını (ikinci cəhd) keçirəcək.
DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək üçün 2141 namizəd qeydiyyatdan keçib. Onlardan 1626 nəfəri Azərbaycan, 515 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Namizədlərin 899-u oğlan, 1242-si qızdır.
Qeydiyyatdan keçənlər arasında 332 nəfər cari ilin, 1023 nəfər əvvəlki illərin məzunu, 786 nəfər isə növbəti illərdə məzun olacaq tələbələrdir. İmtahanda, həmçinin 29 xarici ölkə vətəndaşı iştirak edəcək.
İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan saat 10:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. Buraxılış rejimi saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Namizədlər DİM-in internet saytından imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara imtahan prosesi, qaydalar və digər zəruri məlumatları özündə əks etdirən “Namizədin yaddaş kitabçası” təqdim olunur.
İmtahanda iştirak edən şəxslər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Namizədlərə imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək tövsiyə olunur. İmtahan binasına mobil telefon, digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcıları, kitab, dəftər, jurnal, konspekt, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələrin gətirilməsi qadağandır.
Qeyd edək ki, imtahanın təşkili üçün 6 bina ayrılıb. İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı və 6 bina nümayəndəsi cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB