"Tətil müddətində şagirdlərin dərslərlə məşğul olması, yoxsa tamamilə istirahət etməsi məsələsi ümumtəhsil məktəbləri üçün kifayət qədər aktual və müzakirə olunan mövzulardan biridir. Bununla bağlı vahid bir qayda və ya bütün müəllimlər üçün məcburi olan konkret təlimat mövcud deyil. Lakin bəzi müəllimlər, xüsusilə də ənənəvi təhsil yanaşmasından çıxış edən pedaqoqlar, şagirdlərə tətil müddətində çoxsaylı tapşırıqlar verməyə üstünlük verirlər".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, bəzən bu tapşırıqların həcmi o qədər çox olur ki, şagirdlərin istirahət etməyə, əylənməyə, ailələri ilə vaxt keçirməyə və ya fərdi maraqlarını inkişaf etdirməyə kifayət qədər vaxtı qalmır:
"Hətta bəzi hallarda yay və payız tətilləri şagirdlər üçün istirahət dövründən daha çox əlavə dərs yükünə çevrilir.
Valideynlər də bu vəziyyətdən narahat olduqlarını tez-tez ifadə edirlər. Onlar hesab edirlər ki, tətilin əsas məqsədi şagirdin həm fiziki, həm də psixoloji cəhətdən dincəlməsi, növbəti tədris ilinə daha enerjili şəkildə hazırlaşmasıdır.
Müasir dövrdə şagirdlər əvvəlki nəsillərdən fərqlənirlər. İnformasiya əldə etmək imkanları daha genişdir. Şagirdlərin əksəriyyətinin əlində smartfonlar və müxtəlif rəqəmsal resurslar mövcuddur. Xüsusilə yuxarı sinif şagirdləri artıq gələcəkləri ilə bağlı planlar qurur, seçəcəkləri ixtisas və istiqamətlər barədə düşünürlər. Bir çoxları yay aylarında əlavə kurslara qatılır, fərdi inkişaf üzərində çalışır və ya qəbul imtahanlarına hazırlaşırlar.
Ona görə də yay tətili heç də bütün şagirdlər üçün boş vaxt demək deyil. Bəziləri öz təşəbbüsləri ilə inkişaf fəaliyyətlərinə qoşulur, bəziləri isə müəllimlərin verdiyi tapşırıqları yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə və ya təhsil qaydalarında “tətil tapşırığı” anlayışını məcburi edən ayrıca bir norma yoxdur. Bu, daha çox müəllimin şəxsi yanaşması və pedaqoji baxışından irəli gəlir. Xüsusilə ənənəvi düşüncə tərzinə malik bəzi müəllimlər hələ də şagirdlərin tətil dövründə mütləq şəkildə əlavə tapşırıqlarla məşğul olmasının tərəfdarıdırlar.
Lakin müasir təhsil yanaşması göstərir ki, şagirdin istirahətə, sosial fəaliyyətlərə və şəxsi maraqlarını inkişaf etdirməyə ayırdığı vaxt da onun təhsil prosesinin vacib bir hissəsidir. Buna görə də tətil müddətində verilən tapşırıqların həddi və məqsədi düzgün müəyyənləşdirilməli, şagirdlərin istirahət hüququ nəzərə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB