“11 ildə formalaşmayan oxuyub-anlama bacarığını qısa müddətdə düzəltmək mümkün deyil" - SƏDR
“Bu dəyişikliklər qəfil deyil, prosesə ən azı 2 il əvvəl başlanılıb. 9-cu sinifdə esse yazdırılması sınaq mərhələsi idi, lakin ictimaiyyət bunu tam olaraq sistemli keçid kimi qəbul etmədi”.
SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, nəticələrdə müsbət dinamika müşahidə olunur: “Yazı tapşırıqlarından imtina edənlərin 70 faizdən 20 faizə enməsi şagirdlərin yazı bacarığının formalaşdığını göstərir”.
Məleykə Abbaszadə qeyd edib ki, riyaziyyat sahəsində mövcud problemlər daha sistemli xarakter daşıyır və bu istiqamətdə dərin islahatlara ehtiyac var: “Burada əsas çətinlik müəllim potensialı və riyazi düşüncə məktəbinin zəifləməsidir”.
O əlavə edib ki, dəyişikliklərə qarşı narazılıqlar təkcə pedaqoji deyil, həm də iqtisadi səbəblərlə bağlıdır: “Repetitorluq sistemi test yönümlü hazırlıq üzərində qurulub, bu da transformasiyaya müqavimət yaradır”.
DİM sədri vurğulayıb ki, imtahan sistemi sadəcə nəticəni ölçür, problemi yaratmır: “Əgər şagird 11 il ərzində oxuyub-anlama bacarığını formalaşdırmayıbsa, bunu qısa müddətdə düzəltmək mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB