Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 20-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək. DİM-dən SİA-ya bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahana qeydiyyat iyunun 24-dən iyulun 10-dək aparılıb və bu müddət ərzində 1627 namizəd ərizə təqdim edib.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 106 nəzarətçi və 9 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə