“Peşə təhsilini yüksək səviyyədə mənimsəyənlər gələcəkdə iş tapmaqda çətinlik çəkməzlər”

“Bu gün peşə təhsilini yüksək səviyyədə mənimsəyi bacaran şəxslər gələcəkdə iş tapmaqda çətinlik çəkməzlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, oların arasında aktiv və daha bacarıqlıları isə daha irəli gedərək məşgul olduğu sahədə özəl təsərrüfat sahəsini qura bilər. Kiçik sahibkara çevrilə bilərlər. Bu zaman maraqlı bir mənzərə ilə qarşılaşmaq da mümkündür: “Məsələn bu il ali məktəbə qəbul ola bilməyib, üzülən abuturiyentlər fərdi bacarıqları sayəsində sahibkara çevrilib, işə götürən rolunda çıxış edə bilər. Proseslərin hazırkı durumu elə bu istiqamətə gedir. Yəni əsas deyil ki, sən hansı ixtisasa qəbul oldun, əsas odur ki, qəbul olduğun peşəni necə oxudun... Bu gələcəyə fokslanmanın qızıl qanunudur. Olduğun sahənin birincisi ol. Birinci ola bilmirsənsə, onda ən yaxşısı ol. Gərək özünə 3-cü seçimi buraxmayasan. Baxın, hazırda respublikamızda 200-dən cox peşə istiqaməti var ki, insanlar bununla məşğul olur. Bunlardan 150-dən artıq peşə istiqaməti isə rəsmən aidiyyatı təhsil müəssisələrində tədris olunmağa başlayıb. Amma burda daha bir həssas məqam var. Gəlin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən tədris müəssisələrində olan ixtisasların hər birini diqqətlə gözdən keçirək. Görərik ki, orda elə ixtisaslar var ki, zamanın tələbinə uyğun özünü təsdiqləyəcəkdir. Amma elə ixtisaslarda var ki, onların adının siyahıdan çıxarılması daha səmərəli olardı. Çünki, növbəti illər ərzində bu peşələr ya tam sonlanacaq, ya da ozünün tənəzzülünü yaşayacaq. Belə istiqamətlərə vəsait sərf edib, kadr hazırlanması tamamilə faydasızdır. Buna görə də bu məsələyə daha perespektiv planlama metodu ilə yanaşıb, “gələcəyin peşələri” kateqoriyasına yeni adlar əlavə edərik".

E.Əmirov əlavə edib ki, bu gün əhəmiyyətini itirməkdə olan peşələr üzrə kadr hazırlığına sərf edilən resursları daha zəruri peşələrin yaradılmasına yönəltmək olar: "İkinci bir məsələ isə ali təhsil məktəblərində mövcud olan ixtisasların peşə məktələrində təkrarlanmasıdır. Doğurdanmi buna ehtiyac var. Məsələn, əksər peşə məktəblərində mühasib ixtisası var. Ali məktəblərin mühasib üzrə qəbul planına baxsaq görərik ki, yetərincə bu kadrlar yedişdirilir və bəzi ali məktəblərin yetişdirdiyi kadrlar rəqabətdə uduzur, iş tapa bilmir. Çünki müasir mühasibatlıq, artıq o dərəcədə inkişaf edib ki, bu kompitensiyalara heç bəzi ali məktəblərdə nail olmaq mümkün deyil, o ki qaldı, peşə təhsil mərkəzlərində. Odur ki, düşünürəm ki, peşə mərkəzlərində ixtisas siyahısına yenidən baxılmasına zərurət var. Amma sonda bir daha qeyd etmək istəyirəm ki, həmin peşə məktəblərində elə ixtisaslar vardır ki, onlara mükəməl yiyələnmək ali məktəblərin aktual olmayan ixtisaslarına yiyələnməkdən qat-qat üstündür. Çünki ali məktəbin həmin ixtisaslarına valideynlər və gənclər sadəcə ali təhsil üçün üz tutur, qeyri-peşəkar kimi oranı bitirir və diplomu tam simvolik mahiyyət daşıyır. Amma peşə mərkəzlərində elə ixtisaslar var ki, bu gün oranı seçib, o peşəni sevərək yiyələnənlər sabahın böyük sənətkarları və ya kiçik sahibkarları olacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə