Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan ticarət pavilyonlarının açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə pavilyonların rəmzi açılışını bildirən lent kəsilib. Sonra qonaqlar ticarət pavilyonları ilə tanış olublar.

Açılışda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün türk dövlətləri arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin sıx iqtisadi münasibətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçılarının yorulmaz fəaliyyəti nəticəsində türk dövlətləri inkişaf edir.

“Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında ticarət platformaları mühüm rol oynayır. Burada fəaliyyət göstərən pavilyonlar türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək, ticarət dövriyyəsinin artmasında öz rolunu oynayacaq”, - deyə Orxan Məmmədov vurğulayıb.

İdarə Heyətinin sədri ticarət pavilyonlarının fəaliyyətinin yalnız ticarətin inkişafı baxımından deyil, həmçinin türk dünyasının iqtisadi inteqrasiyası, əməkdaşlıq ruhunun gücləndirilməsi və ortaq gələcək naminə əhəmiyyətli bir addım olduğunu diqqətə çatdırıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bugünkü mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə türk dünyasının əhəmiyyətinin artdığını deyib: “Biz beynəlxalq arenada çox vacib aktor ola bilərik. Bunun üçün liderlərimiz daim təmasdadır. Bu gün istənilən ittifaq, inteqrasiya möhkəm iqtisadi zəminə əsaslanmalı, iqtisadi əlaqələr çox güclü olmalıdır. Sahibkarlar arasındakı əlaqələr çox vacibdir, çünki onlar potensialın harada olduğunu və nəyin inkişaf etdirilə biləcəyini görürlər”.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov Türk Ticarət Mərkəzində türk dövlətlərinin ticarət pavilyonlarının açılışını qardaşlığın, dostluğun simvolu olduğunu qeyd edib: “Gələcəkdə Türk Ticarət Mərkəzi türk dövlətlərində istehsal olunan yerli məhsulları dünya bazarına çıxarılmasına, ticarətimizin inkişafına, mədəniyyətimizin tanıdılmasına töhfə verəcək”.

Türk Ticarət Mərkəzinin direktoru Yılmaz Okuklu diqqətə çatdırıb ki, bu tədbir Türkmənistanın ilk dəfə türk ölkələrinin iqtisadi təşəbbüsündə yer aldığı platformadır: “Bu gün Türkmənistan qismən də olsa Azərbaycanda türk ölkələrinin dünya iqtisadi birliyinə inteqrasiyasında iştirak edir”.

Onun sözlərinə görə, Türk Ticarət Mərkəzi Özbəkistanla əməkdaşlığı genişləndirir və Azərbaycanı Mərkəzi Asiyanın 40 milyonluq bazarına çıxış imkanı verən əsas ticarət habına çevirmək niyyətindədir.

Daha sonra Özbəkistanın Ticarət-Sənaye Palatası ilə Türk Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Türk Ticarət Mərkəzinin direktoru Yılmaz Okuklu və TSP sədrinin müşaviri İslam Babajanov imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə