Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətədir? - İQTİSADÇI DANIŞDI
“Yəni, apteklər həmin məhsulları ölkəyə daha az miqdarda gətirirlər, az partiyalarda alırlar. Az miqdarda aldıqları üçün onların endirim imkanları da az olur, yəni alış qiyməti yüksək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Marketlərə gəldikdə isə, onlar həmin məhsulları daha böyük partiyalarla alırlar. Bu da onlara daha çox endirim imkanı yaradır və nəticədə məhsulu daha ucuz qiymətə satmaq şansı əldə edirlər. Alış qiyməti daha ucuz olduğuna görə, məhsulu da ucuz sata bilirlər. Bu fürsətdən istifadə edərək, ucuz qiymətə daha çox məhsul satmaq strategiyasını hədəfləyirlər.
Apteklər isə həmin malları kiçik partiyalarla aldıqları üçün alış qiyməti nisbətən baha başa gəlir. Endirim imkanları az olduğuna görə, məhsulu da bir qədər baha qiymətə satmaq məcburiyyətində qalırlar.
Bundan əlavə, burada bir psixoloji məsələ də var. Bəzi insanlar elə düşünürlər ki, aptekdə satılan məhsulla marketdə satılan məhsul arasında fərq var. Onlar aptekdəki məhsula daha çox güvənirlər. Çünki aptek tibblə bağlı olan bir müəssisədir və insanlar ona daha çox etibar edirlər.
Şəxsən mən özüm şahid olmuşam, elə insanlar tanıyıram ki, eyni məhsulu marketdə daha ucuz görsələr də, onu yenə də aptekdən, bir qədər baha qiymətə alırlar. Səbəbini soruşanda deyirlər ki, “bu aptekdir, burada məhsul daha etibarlı olar”. Halbuki, həm market, həm də aptek eyni distributordan, eyni məhsulu alırlar.
Sadəcə olaraq, apteklər az miqdarda alıb baha satırlar. Digər tərəfdən isə onların artıq formalaşmış bir müştəri seqmenti var və bu da təbii bir haldır. Yəni bu, anormal deyil. Aptek öz strategiyasını qurub və həmin strategiya ilə müəyyən mənfəət əldə edir – az satış edib, daha yüksək marja ilə qazanc götürür.
Marketlər isə daha çox məhsul satıb, aşağı marja ilə daha çox mənfəət əldə etmək strategiyasını seçirlər. Hər iki strategiya bazar iqtisadiyyatına uyğundur və burada hər şey normaldır. Əslində, bazar iqtisadiyyatında məhsullar məhz bu cür olmalıdır. Yəni bir mağazada baha, digərində isə ucuz qiymətə satılmalıdır – bu fərqlilik bazarın təbii göstəricisidir.
Amma bizdə çörəyin, yanacağın, işığın, unun qiyməti demək olar ki, hər yerdə eynidir. Bu isə belə olmamalıdır. Əgər hər yerdə eyni qiymətdirsə, bu artıq bazar iqtisadiyyatı deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə