Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran ərazisində) tikintisi bu il başa çatdırılacaq. SİA xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat" forumunda bildirib.
"ADY-nin idarə etdiyi terminal dediyim dəhlizlə yük daşımalarının həcmini artırmağa imkan verəcək", - deyə o qeyd edib.
ADY rəsmisi əlavə edib ki, "Şimal-Cənub" marşrutu çərçivəsində xüsusilə Azərbaycan və Rusiya arasında qatarların mübadiləsinin həyata keçirildiyi şimal hissədə ötürücülük qabiliyyəti genişləndirilir.
"Həmçinin Azərbaycana məxsus olan və bizim idarə etdiyimiz, lakin İran ərazisində yerləşən terminalın tikintisinin tamamlanması istiqamətində iş aparılır. Biz bu il tikinti işlərini yekunlaşdırırıq və bu, marşrutun inkişafına əlavə təkan verəcək", - o vurğulayıb.
Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Terminalın inşasına Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə start verilib.
Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. ADY-nin tikdiyi terminalın ərazisini İran 25 il müddətinə Azərbaycana icarəyə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə