Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək

Bakıda aprelin 17-də Azərbaycan-Sloveniya biznes forumunun keçirilməsi gözlənilir. Bu barədə SİA Sloveniya KİV-inə istinadən xəbər verir.

Qeyd olunub ki, forum Sloveniyanın Baş nazirinin müavini və xarici işlər naziri Tanya Fayonun Azərbaycana səfəri çərçivəsində keçiriləcək.

Biznes forumda informasiya-kommunikasiya texnologiyaları, pilotsuz gəmilərin istehsalı, dəniz daşımalarının avtomatlaşdırılması sistemləri, tikinti və metal konstruksiyaların hazırlanması sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Eyni zamanda, səfər çərçivəsində aprelin 17-də Azərbaycan və Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ikitərəfli biznes və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 24,47 % azalaraq 30,08 milyon ABŞ dolları təşkil edib.

Belə ki, Sloveniyadan idxal 23,53 % azalaraq 21,95 milyon ABŞ dolları, Azərbaycandan ixrac isə 26,92 % azalaraq 8,13 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Azərbaycan və Sloveniya arasında ticarət dövriyyəsi 7,53 milyon ABŞ dolları (+67 %), Sloveniyaya ixrac 2,02 milyon ABŞ dolları (+66,08 %), Sloveniyadan idxal isə 5,51 milyon ABŞ dolları (+67,34 %) təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə