"Son üç il ərzində mənzil bazarında nəzərəçarpacaq dərəcədə qiymət artımları qeydə alınıb" - QURUM RƏSMİSİ DANIŞDI

"Hazırda ölkədə Qiymətləndiricilər Palatasından qeydiyyatdan keçmiş 73 qiymətləndirmə şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşıb. Nəticə etibarilə, həm Palata, həm də bu sahədə fəaliyyət göstərən qiymətləndirmə şirkətləri mənzil bazarında 2021-ci ildən etibarən müşahidə olunan dəyişiklikləri yaxından izləyir, risklərin idarə olunması məqsədilə proqnozlar hazırlayır və bazar təhlilləri aparırlar". Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, son üç il ərzində mənzil bazarında hər il nəzərəçarpacaq dərəcədə qiymət artımları qeydə alınıb: "Müxtəlif ərazilər üzrə bu artım 27%-dən 42%-ə qədər dəyişib. 2024-cü ildə isə bu rəqəm 13% civarında olub. Belə davamlı artımlar qiymətləndirmə prosesində risklərin düzgün dəyərləndirilməsini zəruri edir.

Qiymətləndiricilər müəyyən etdikləri və ya hesabladıqları dəyərin məhz qiymətləndirmə tarixinə uyğun və real olması barədə xüsusi qeydlər aparır. Eyni zamanda, bazar iştirakçıları yekun qiymət rəyinin yalnız 3 ay müddətində qüvvədə qalması barədə məlumatlandırılıblar. Bu, bazarda müşahidə olunan dəyişkənliyə adekvat yanaşmanı təmin edir.

Bütün bu amillər onu deməyə əsas verir ki, hazırda mənzil bazarında qiymətlərin dəyişkənliyi qlobal trendlərlə uzlaşır və qiymət artımları süni müdaxilələrlə deyil, təbii bazar mexanizmləri əsasında baş verir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə