Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 144 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144 337 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 225 364 sayda xidmət göstərilib ki, bunun 76,6 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 51,1 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,2 %-ni təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar-fevral aylarında vergi ödəyicilərindən daxil olmuş 8,3 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 5,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 1 128 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilib, 1 184 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 525 minə yaxın SMS göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə