Yağıntılardan necə səmərəli istifadə etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

Məlumdur ki, bir tərəfdən qlobal istiləşmə ilə bağlı çağırışlar edilir, quraqlıqla əlaqədar həyəcan təbili çalınır, digər yandan isə rayonlarda qeyri normal hava şəraiti sel və daşqınlar müşahidə edilir. Bəs, bu yağıntılardan necə səmərəli istifadə edək ki, quraqlıq dövründə kənd təsərrüfatı əziyyət çəkməsin? Bunu SİA-ya mövzu ilə bağlı Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev deyib.

Onun sözlərinə görə, son 7 ildir Azərbaycanda kənd təsərrüfatının müxtəlif sektorları susuzluq və quraqlıqdan əziyyət çəkirdi: “Ancaq bu ildən etibarən biz daha çox yağıntı müşahidə edirik. Hətta bəzi rayonlarda fəsadlara belə gətirib çıxarır.

Bəs necə edək ki, bu yağıntılardan səmərəli istifadə edə bilək?

Təxminən 40-50 il bundan öncə bölgələrimizdə yağıntıların çox olduğu ərazilərdə su toplama rezervuarları var idi. Yağıntı aylarında, yəni qış, payız ,yaz aylarında bu rezervuarlar yağıntı suları ilə doldurulurdu və daha sonra isə kənd təsərrüfatı sahəsində bu ehtiyyatlardan istifadə edilirdi.

Çox təəssüf ki, hazırda bu rezervuarlar dağıdılıb və ya təyinatı üzrə istifadə edilmir. Nəticə etibarilə indiki vəziyyətdə yağış sel və daşqınlar təbiətə ciddi şəkildə zərər vurur. Həmçinin bununla yanaşı təbiətdən gələn suyu düzgün və səmərəli istifadə etmək olmur. Ona görə də yağıntıların çox olduğu yerlərdə bu tip rezervuarların olması mütləqdir. Bu rezervuarlar olduqdan sonra həmin su kənd təsərüfatında istifadə edilə bilər.

Xatırlatmaq istəyirəm ki, bir neçə il əvvəl Şamaxı rayonunda belə bir təşəbbüs oldu, ancaq bu yarımçıq qaldı. Bilirsiz, həddən artıq yağıntı və quraqlıq təsərrüfata ciddi şəkildə zərər vurur. Biz daha sonra bu zərəri ərzaq məhsullarının keyfiyyətində və qiymətində müşahidə edə bilərik. Ona görə də əgər belə bir nəticə ilə qarşı-qarşıya qalmaq istəmiriksə qeyd etdiyim üsullar qaçılmazdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə