"Azərbaycanın qaz ehtiyatları Avropaya bu dəhlizlə ixrac olunur" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

“Cənub Qaz Dəhlizi Azərbaycanın neft strategiyasından sonra gerçəkləşmiş qaz strategiyasının reallaşdırılmasında çox mühüm yer tutur. Belə ki Azərbaycanın qaz ehtiyatları Avropaya məhz bu dəhliz üzərindən ixrac olunur. Bu dəhliz özündə 4 böyük layihəni birləşdirir. Dəhlizə daxil olan layihələrin birincisi "Şahdəniz" layihəsi, ikincisi Cənubi Qafqaz boru kəməri, üçüncüsü TANAP, dördüncüsü TAP-dır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsi Xəzər dənizindən çıxarılmış qazı Sanqaçalaya qədər çatdırır: “Sanqaçaldan başlayan Cənubi Qafqaz boru kəməri Azərbaycan ərazisindən Gürcüstana, oradan isə Türkiyə sərhədinə çatır. Türkiyə sərhədindən Yunanıstan sərhədinə qədər isə TANAP başlayır. Buradan da artıq TAP başlayır. TANAP-ın ötürücülük gücü 16 milyard kubmetr, TAP-ın isə 10 milyard kubmetrdir. Perspektivdə 16 milyard kubmetri 32 milyard kubmetrə, 10 milyard kubmetri isə 20 milyard kubmetrə qədər artırmaq potensialı var. Hazırki məqamda ildə 1,2 milyard kubmetrlik TAP-ın ötürücülük gücünün artırılması nəzərdə tutulur ki, bu da 2027-ci ilə qədər 20 milyard kubmetrə qədər çatdırılsın. Bu il ərzində isə Avropaya TAP-la 11,6 milyard kubmetrlik qaz təchizatını həyata keçirmək planlaşdırılır”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, Yunanıstanla sərhəd olan Cənub Şərqi Avropa ölkələri məhz TAP-dan bəhrələnmək üçün cənab Prezidentə dəfələrlə müraciət etmiş, görüşlər keçirilmişdir: “Bunun da nəticəsində Azərbaycan TAP-ın ötürücülük gücünü artıraraq Cənub Şərqi Avropa ölkələrinin bu layihədən yararlanmasında, eyni zamanda enerji təhlükəsizliyi ilə təmin olunmasında rol oynayacaq. Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya ölkələri bilavasitə Azərbaycanın enerji resurslarından istifadə etmək istəyindədirlər. Çünki Rusiya-Ukrayna müharibəsi hazırda bu ölkələri çıxılmaz vəziyyətə salıb və bu ölkələr Rusiyadan asılı idi. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında da bu dəhliz üzərində “yaşıl enerji”nin ötürülməsi məsələsi də müzakirə mövzusudur. Çünki Azərbaycan kifayət qədər “yaşıl enerji” ilə zəngin bir coğrafiyada yerləşir. Alternativ enerji mənbələri çox genişdir. Cənub Qaz dəhlizinin də bu enerjini ötürmək potensialı var”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə