Tələbə baharına MDB də qoşulur

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Akademik Milli Dram Teatrı binasında \"Tələbə Baharı\" adlı festival keçirib. SİA-nın məlumatına görə, 2006-cı il tarixindən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən hər il ali təhsil müəssisələrinin tələbələri arasında "Tələbə baharı" tələbələrin yaradıcılıq festivalı keçirilir.

Festivalın keçirilməsində məqsəd, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Nazirlik festivalın əhəmiyyətini nəzərə alaraq bu ildən etibarən, onun əhatə dairəsini genişləndirmək qərarına gəlib. Belə ki, nazirlik Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə cari ilin may ayının 18-19 tarixlərində festivalın seçim mərhələlərini keçirib. Bu müddət ərzində 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə festivala müxtəlif nominasialar üzrə qatılıb.

Festival zamanı iştirakçılara respublikanın tanınmış münsiflər heyəti səs veriblər.

Xatırladaq ki, festivala Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan olan tələbələr də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə