Kəlağayı Azərbaycan xalqının milli geyim mədəniyyətində xüsusi yer tutur. Bu baş örtüyündə xalqımızın tarixi, milli kimliyi, özünəməxsusluğu və zəngin ənənələri yaşadılır.
SİA xəbər verir ki, bu sözləri “Əbədi Turan” kitab fondunun sədri Esmira Fuad “Kəlağayı yürüşü” zamanı açıqlamasında deyib.
O bildirib ki, tarixən orta yaşlı qadınlar rəngli kəlağayılardan, gəlinlər ağ rəngli şallardan, yaşlı qadınlar isə əsasən qara rəngli kəlağayılardan istifadə ediblər. Azərbaycan xalqının kəlağayı ilə bağlı zəngin və mənalı ənənələri mövcuddur.
Esmira Fuadın sözlərinə görə, kəlağayı barama ipəyindən hazırlanan zərif saplardan toxunur və onun istehsalı mürəkkəb prosesdir. Kəlağayının təbii ipəkdən hazırlandığını müəyyənləşdirməklə bağlı xalq arasında müxtəlif ənənələr də mövcuddur. Bunlardan biri də kəlağayının nişan üzüyünün içindən keçirilməsidir.
O qeyd edib ki, kəlağayıların müxtəlif ölçüləri, naxışları və növləri var. Onların üzərində, xüsusilə, buta təsvirlərinə rast gəlinir. Bu gün də kəlağayı milli-mədəni irsimizin mühüm tərkib hissəsi kimi qorunur və təbliğ edilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən milli-mədəni irsin qorunması və tanıdılması istiqamətindəki fəaliyyətlərdə də bu dəyərin təbliğinə diqqət yetirilir.
Fond sədri vurğulayıb ki, Azərbaycan kəlağayıları dünyanın müxtəlif ölkələrində tanıdılır, ölkəmizə gələn qonaqlara milli atribut kimi hədiyyə edilir, xarici səfərlər zamanı da təqdim olunur.
O bildirib ki, kəlağayıların gündəlik məişətdə də müxtəlif istifadə məqsədləri olub. Kiçik ölçülü kəlağayılardan analarımız və nənələrimiz ev işləri görərkən, xəmir yoğurarkən və yemək bişirərkən ləçək kimi istifadə ediblər.
Esmira Fuad kəlağayının sevgi və ailə ənənələrindəki roluna da toxunub. Onun sözlərinə görə, əvvəllər oğlanın sevdiyi qıza kəlağayı bağışlaması saf sevginin rəmzi sayılırdı. Nişanlı qız üçün qurban aparılarkən qurbanlıq heyvanın boynuna qırmızı kəlağayı bağlanır, bəzi ənənələrdə isə evin qapısından qırmızı kəlağayı asılırdı.
O əlavə edib ki, kəlağayı xalqımızın milli dəyərlərini, adət-ənənələrini və mədəni yaddaşını özündə birləşdirən nadir irs nümunəsidir. Yerli mərasimlərdə də kəlağayının mühüm yer tutması bu milli dəyərin bu gün də yaşadıldığını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB