Lənkəran Teatrının aktyorları Bakıda çıxış edəcəklər

Noyabrın 22-dən 30-dək Bakının teatrlarında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı həftəsi” keçiriləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, həftə çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorları noyabrın 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu yaxınlarda premyerası keçirilmiş tamaşa, həmçinin qonşu Lerik rayonunda da oynanılıb.

Əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə