“Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya təşkil edilib

Bu gün, 17 sentyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyində milli-mədəni irsin təbliği və təbiətin gənclər arasında tanıdılması məqsədi ilə “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya təşkil edilib.

SİA-nın məlumatına görə, tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Rrespublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və qeyd etmişdir ki, bu günkü ekuskursiyanın əsas məqsəd yetişməkdə olan gənc nəslə Azərbaycanın tarixini tanıtmaq, keçmişə sevgi və qayğı aşılamaqdır. Azərbaycanın tarixini, mədəniyyətini, ədət-ənənələrini özündə ehtiva edən nümunələrinin öyrənilməsi və təbliği bu baxımdan xüsusi önəm daşıyır.

Sonra Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin direktoru Əntiqə Tağiyeva bildirib ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Həmin vaxt Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.
Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı, bərpaçı rəssam Heyran Lələyeva gəncləri muzeydə olan eksponatlar ilə tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar vermişlər. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür.

Sonda gənclərimiz rayonumuzun tarixi və keçmişini gənc nəsillərə öyrədilməsi və çatırılmasında göstərdiyi xidmətə görə muzeyin direktoru və işçilərinə öz minnətdarlığlarını bildirdilər.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə