“Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimatı keçirilib- FOTO

“Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimatı keçirilib- FOTO
Bu gün M. F. Axundov adına Milli Kitabxanada "Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xalq yazıçısı Anar və başqaları iştirak edib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu qeyd edib, böyük bəstəkar, pedaqoq və ictimai xadim Qarayevin sənətdə daim yeni axtarışlar sorağında olduğundan danışıb.

Daha sonra Sevda Məmmədliyeva Q. Qarayev yaradıcılığından söhbət açaraq görkəmli bəstəkarın Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətlərindən, klassik və müasir musiqinin sintezini yaratmasından danışıb. O belə bir kitabın çap olunmasında Heydər Əliyev Fonduna dəstəyə görə təşəkkürünü bidirib.

Kitabın elmi redaktoru və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova: "Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab muzeyimizdə saxlanılan materiallar əsasında ərsəyə gəlib. Muzeyin kolleksiyasında Qara Qarayevə və ona yaxın olanların fotoşəkilləri, not və mətnlərin əlyazmaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın şəxsi kitabları və əşyaları əks olunub",- deyə əlavə edib.

"Qara Qarayevin əsərləri" adlı diskdə bəstəkarın əsərləri, "Qara Qarayev. Elektron məlumat bazası" adlı diskdə isə bəstəkarın həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin Qarayev haqqında dediyi fikirlər, bəstəkarın musiqi və nəşr əsərləri, Qara Qarayevə həsr olunmuş musiqi əsərləri, nəşr əsərləri, dissertasiyalar və fotoqlereya əks olunur. Kitab və disklər tədbir iştirakçılarına paylanıb.

Tədbirdə Qara Qarayevin əsərlərindən nümunələr Azərbaycan Dövlət Simli Kvarteti, Şekspirin "Hamlet" tamaşasına yazdığı musiqidən fraqment - Pantomima, fleyta improvizasiyası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrmın solisti Elnur Qurbanov tərəfındən ifa olunub.

Sonda tədbir iştirakçıları Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab, dövrü mətbuat materialları, CD disklər, dissertasiyalardan ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, təqdim olunan kitab Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə