“Mədəniyyət naminə elm”adlı layihəsi davam edir

2017-ci ildə Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bütün keçiriləcək tədbirlər UNESCO-nun yubiley proqramına daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini təmin edir.

Bununla bağlı 29 sentyabr 2017–ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin və həmin muzeyin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihənin “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminarı baş tutmuşdur.

Seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Rza Bayramlı, elmi-kütləvi şöbəsinin müdiri Xanım Abdinova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi tarix elmlər doktoru İkram Ağasiyev iştirak etmişlər.

Tədbiri Mərkəzin elmi katibi Hüseyn İbrahimov açaraq iştirakçıları salamlayıb və sözü İ.Ağasiyevə vermişdir. İ.Ağasiyev almanların Cənubi Qafqazda və Azərbaycanda almanların hansı səbəblərdən məskunlaşmasından, onların mədəniyyətindən, dilindən, dinindən, adət-ənənələrindən, iqdisadi və məişət həyatından bəhs etmişdir.

Mədəniyyət təsissatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Günay Əliyeva “Almanlar Azrəbaycanda” adlı məruzəsində ölkənin hansı regionlarında almanların məskunlaşmasından, fəaliyyətindən, alman tarixi-mədəni abidələrindən danışmışdır.

Daha sonra Mərkəzin direktoru A.Usubəliyev muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirməkdən ibarətdir.

Seminar iştirakçıları üçün muzeydə ekskursiya da təşkil olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə