Bu gün Xalq Yazıçısı Mirzə İbrahimovun doğum günüdür

Çoxəsrlik ədəbi təcrübə və ənənə üzərində boy atan Azərbaycan ədəbiyyatında Mirzə İbrahimov özünəməxsus yer tutur. O gənc yaşlarından taleyini sənətə bağlamış, ötən əsrin 30-cu illərin əvvəllərindən ədəbi-elmi fəaliyyətə başlamışdır. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və Vətən fədaisi idi. SİA xəbər verir ki, bu gün Xalq yazıçısı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 114-cü ildönümü tamam olur.

Ulu Öndər Heydər Əliyev yazıçının yaradıcılığına belə münasibət bildirib: "Mirzə İbrahimov təvəzökar, mehri¬ban, həssas bir in¬sandır. Bütün Azərbaycan xalqının sevimlisidir, Xalq yazıçısı kimi yüksək ada layiqdir. Eyni zamanda onun yaradıclığı ölkəmizdə layiqincə qiymətləndirilib. Yazıçının kitabları hər yerdə geniş şöhrət və rəğbət qazanıb".

Yazıçı əsasən Cənubi Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını yazır. Bundan sonra bir-birinin ardınca səhnə əsərlərini – “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı- dramaturq Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edir.

M.İbrahimov U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A.Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edib.

Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib.

M.İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.

Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən əsərləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.

Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var.

Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə