“Vətəndaş Tribunası” İctimai Birliyi 1 iyun 2026-cı ildən “Böyük Türk Birliyinin inteqrasiya perspektivləri” layihəsinin icrasına başlayıb. “Layihənin məqsədi Türk Dövlətləri Təşkilatının (TDT) müasir dünya düzənində yerini, rolunu və qarşılıqlı inteqrasiya perspektivlərini sosial media vasitəsilə təbliğ və təşviq etməkdir”, - bu haqda ictimai birliyin sədri, yazıçı Səfər Alışarlı məlumat verib.
O deyib ki, 3 aylıq layihə çərçivəsində Naxçıvan MR-nın Şərur, Naxçıvan şəhərlərində və Sədərək qəsəbəsində yerli fəallar və sosial media iştirakçıları ilə görüşlərin keçirilməsi və sosial mediada türk dövlətlərinin qarşılıqlı inteqrasiya ideyalarının təşviqi nəzərdə tutulur.
TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, iqtisadi və mədəni həmrəyliyə söykənir. Bu gün artıq TDT-nin gündəliyində təkcə mədəni, humanitar məsələlər deyil, strteji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır. Təşkilat bəzi region ölkələrini də müşahidəçi qismində öz sıralarına inteqrasiya etməyi hədəfləyir.
Azərbaycanın Qarabağ zəfərindən sonra regionda və dünyada yaranmış geostrateji vəziyyət Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sıx siyasi, iqtisadi, mədəni və hərbi inteqrasiyanı qaçılmaz edir. Azərbaycan böyük türk birliyinin strateji arxitektoru və lokomotiv gücü olaraq təşkilatın yaradılmasında və inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim ailəmiz türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin bariz ifadəsidir.
Birliyin möhkəmlənməsinə aparan yeni ideyaların formalaşdırılması və reallaşdırılması bu gün dövlət başçıları və ayrı-ayrı dövlət qurumları səviyyəsində həyata keçirilsə də, onun təşviqat yolu ilə cəmiyyətlərə və insanların şüuruna nüfuz etməsi günün çox vacib məsələlərindəndir. Türk birliyinin əleyhdarları əllərinə düşən bütün fürsətlərdən yararlanmağa çalışır, sosial media və digər təbliğat vasitələrilə ona mane olmağa, xalqlarımızın milli, mədəni, iqtisadi həmrəyliyini əngəlləmək üçün qüvvələrini səfərbər edirlər.
Layihənin həyata keçirilməsi türk birliyi ideyalarının möhkəmlənməsinə, populyarlaşdırılmasına, birliyə mane olmağa çalışan kənar qüvvələrin təbliğatına qarşı cəmiyyətin immunitetinin artırılmasına xidmət edəcək. “8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmasından sonra Zəngəzur dəhlizinin açılmasına bütün tərəflərin müsbət yanaşması Azərbaycan diplomatiyasının böyük uğurudur, - layihə rəhbəri S.Alışarlı qeyd edib. - Bu dəhlizin açılması Azərbaycanın Naxçıvan MR-lə birbaşa nəqliyyat əlaqələrinin bərpası ilə bərabər, bütün türk dünyasının logistik və başqa əlaqələrinin yaranmasında və möhkəmlənməsində misilsiz rol oynayacaq. Ümid etmək lazımdır ki, yüz illik taym-autdan sonra türk xalqları və dövlətləri arasında birbaşa gediş-gəliş asanlaşacaq, ticarət dövriyyəsi artacaq, türk dövlətlərinin maddi, mədəni inteqrasiyası müasir dünya düzəninin tələblərinə və türk xalqlarının milli mənafeyinə uyğunluqla nizamlanmağa başlayacaq”.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB