Turistlərlə davranış son dərəcə diqqət tələb edir
Son illər Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir. Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) I yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Amma reallıq ondan ibarətdir ki, turist axınının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, demək olar ki, şəhərimizin qonaqları olan ərəblər utanıb-cəkinmədən bəzi “qadınlarla” açıq ünsiyyətə girir, yeyib-içdikləri istirahət məkanlarında, icarəyə götürdükləri avtomobillərin salonlarında zibilliklər qoyub gedirlər. Söhbət etdiyimiz müsahiblərimizdə bu cür halların narahatlıq doğuran məqamlar olduğunu bildirdilər.
Millət vəkili Azər Badamov:
- Turizmin inkişaf etdirilməsi dövlət siyasətimizin prioriteti elan olunmuşdur. Bu sahənin inkişafı ilə əlaqədar ölkəmizdə çoxlu layihələr icra edilmişdir. Məhz düzgün istiqamətlənmiş siyasi-iqtisadi xəttin göstəricisidir ki, ölkəmizdə müasir trurizm infrastrukturu formalşmış, gələn turistlərin sayı da ilbəil artmaqdadır. Turistlərin sayının artması ölkəyə gələn xarici valyutanın da miqdarını artırır, iqtisadiyyat tarazlanır və ümumi inkişafımıza öz töhfəsini vermiş olur. Lakin turist axını olan ölkələrin mədəniyyətlərinin fərqli olması müəyyən problemlər də yaradır. Məsələn, qeyd etdiyiniz kimi, ərəb mənşəli turistlərin xoşagəlməz hərəkətləri son vaxtlar hamımızda müəyyən narahatlıq doğurur. Bunun üçün müəyyən maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Hər şeydən əvvəl, viza alıb sərhəddən daxil olan turistə ölkə qanunlarına və adət-ənənələrinə hörmətlə yanaşması başa salınmalıdır. Bundan əlavə, şəhərlərdə, yollarda, turizm marşurutlarında təmizliyə riayət olunması üçün maarifləndirici lövhələr vurulmalıdır. Xüsusilə, ərəb ölkələrdən gələn turistlərə təyyarələdə xüsusi bukletlər paylanmalıdır. Onlar görəndə ki, bizim müəyyən tələblərimiz var, onlar buna riayet etməyə başlayacaqlar. Bizim tələblərimiz isə turistlərin mədəni və rahat istirahətini təmin etmək olmalıdır. Düşünürəm ki, qeyd etdiyim istiqamətlərdə müəyyən maarifləndirmə işləri aparılarsa, bu, turistlərin xoşagəlməz hərəkətlərin azalmasına səbəb olar.
İlahiyyatçı Hacı Şahin Həsənli:
- Turizmin inkişafı, şübhəsiz ki, ölkə iqtisadiyyatına və əhalinin rifahına müsbət təsir göstərir. Təbii ki, bu da sosial sahəyə sirayət edəcək. Sabit iqtisadi və sosial şərait isə, mənəvi inkişafın zəruri şərtidir. Ölkəmiz bu sahədə ilk addımlarını atır və bu sahənin çətinlikləri ilə tanış olur. Biz başqa mədəniyyətin təmsilçilərini qəbul etməyə, bizdən fərqlənən insanlarla ünsiyyət qurmağa başlayırıq. Ona görə də, anlaşılmazlıqlar təbiidir.
Unutmayaq ki, biz də turist səfərlərinə getdiyimiz ölkələrdə elə mədəni fərqlilik üzündən həmişə xoş qarşılanmaya bilərik. Yaxid bizim də bəzi ölkələr barədə yanlış stereotiplərimiz olub ki, zamanla bu stereotiplər dağılıb. Yanlış təsəvvürlərdən biri budur ki, guya ərəblərdən qeyriləri gələrsə, hər şey ideal olacaq. Xeyr, ilkin mərhələdə mədəni uyğunsuzluqlar qabaracaq. Təcrübə artıqca, bizim ölkədə də bu cur problemlər öz müsbət həllini tapacaq.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- Son vaxtlar Azərbaycanda turizmin inkişafda olduğunu görürük. Əvvəlki illərlə müqayisədə ölkəyə xeyli sayda turist gəlir. Bu, təbii ki, ölkəyə gələn turstlərin sayının artırılması ilə bağlı görülən sistemli işin nəticəsidir. Bura viza sistemin sadələşdirilməsi, təyyarə biletlərinin nisbətən ucuzlaşdırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi və s. daxildir. Bu cəlbedici şərtlər ölkəyə əcnəbi turistlərin axınını xeyli artırıb. Xüsusilə də, ərəb ölkələrini təmsil edən xeyli turist Azərbaycana axın edir. Buna ancaq sevinmək lazımdır. Çünki bir neçə il əvvəl biz bunu xəyal edirdik. O ki qaldı ərəb turistlərlə bağlı narahatlıqlara, hesab edirəm ki, bu məsələdə bir qədər də tolerant olmağa ehtiyac var. Əlbəttə, ölkəmizə gələn əcnəbilər, o cümlədən də ərəblər fərqli mentalitetin və fərqli vərdişlərin sahibləridirlər. Vətəndaş olaraq, turistlərin buradan məmnun getməsi üçün çalışmalıyıq. Təbii ki, bütün bunlar turistlərin qanunlarımız çərçivəsindəki davranışları ilə bağlıdır. Qanundankənar hər hansı bir hərəkət olarsa, hüquq-mühafizə orqanları hərəkətə keçməlidirlər. Nəzərə almaq lazımdır ki, ərəblər təkcə Azərbaycana səfər etmirlər. Dünyanın hansı inkişaf etmiş turistik bölgəsinə getsən, orada ərəblərə rast gəlmək mümkündür. Həmin bölgələrə gedənlər də aşağı-yuxarı Azərbaycana gələn ərəblər kimidir. Oralarda onlarla bağlı hər bir məhdudlaşdırıcı norma varmı? Məncə, yoxdur. Türkiyənin böyük şəhərlərdə kifayət qədər ərəb görmək mükündür.
Ona görə biz də bu məsələləri çox qabartmamalı, narahatlıq yaradan halları qanun çərçivəsində turistlərin qəlblərinə toxunmayacaq formada peşəkarlıqla həll etməliyik. Azərbaycanın turist ölkəsi olmasını istəyiriksə, ürəyimiz geniş olmalıdır.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
- Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi dövlətin strateji maraqlarından olduğundan, bu sahədə fəaliyyətin təşkili və turistlərin ölkəmizə gəlişini rahatlaşdırmaq məqsədilə viza sisteminin sadələşdirilməsi sahəsində son illərdə xeyli yeniliklər tətbiq edilmişdir. Təsadüfi deyildir ki, turistlər üçün xeyli əlverişli olan Azərbaycan və onun paytaxtı Bakı şəhəri iki ildən çox bir müddətdə xeyli əcnəbi turistləri cəlb edə bilmişdir. Xüsusilə, qonşu ölkələrdən və ərəb dövlətlərindən turistlərin axını bütün bölgələrdə hiss olunmaqdadır. Təbii ki, turizmin iqtisadi əhəmiyyəti çox önəmlidir, bu, birinci növbədə, ölkəyə milyonlarla valyuta axını deməkdir, ölkədə ixracın inkişaf etdirilməsi deməkdir. Amma bunun mənəvi tərəfi iqtisadi istiqamətlə müqayisədə az əhəmiyyət kəsb etmir. Azərbaycanlıların milli əxlaqi dəyərləri xeyli nümunəvidir və insanlarımızın qlobal məkana inteqrasiyasında belə, doğru olaraq mühafizəkarcasına qorunmaqdadır.
Azərbaycanlıların əksəriyyətinin islam dininə etiqad etməsi və ölkədəki stabillik, əmin-amanlıq səbəbindən ərəb turistləri üçün cəlbedici olan Azərbaycan və paytaxt Bakı şəhəri, bir müddətdir ki, ərəb turistlərinin həm davranışlarındakı neqativlərdən, həm də paytaxt küçələrindəki nalayiq və bizim üçün xeyli yabançı olan rəftardan haqlı olaraq narazıdır. Bu insanların hərəkət və davranışlarında xeyli mədəniyyətsizliklər açıq-aşkar hiss olunur. Bayağı və kobud rəftar, danışıq tərzindəki vəhşilik elementləri və ən pis məqam kimi isə Bakıya sanki əxlaqsız hərəkətlərə görə gəldiklərini nümayiş etdirmələri ikrah və ciddi narahatlıq doğurmaqdadır. Artıq şəhərin mərkəzini zəbt edərək, açıq şəkildə qadınlara qarşı qeyri-əxlaqi rəftardan tutmuş küçələri zibilləməyə qədər ürəkbulandırıcı hərəkətlər edən bu mədəniyyətsiz insan yığını dünyanın ən mədəni və sivil xalqlarından biri olan azərbaycanlıların əsəblərini sanki tarıma çəkiblər. Paytaxtda hamının gözü qarşısında əxlaqsız hərəkətlər edilir, xüsusilə axşamlar paytaxtın Torqovıy kimi tanınan "Nizami" küçəsində əxlaqsız qadınların ərəb turistlərlə sövdələşmələri insanları iyrəndirir. Sanki ərəblərin gözündə bura bir poliqondur.
Hesab edirəm ki, ilk növbədə, hüquq-mühafizə orqanları bu istiqamətdə daha aktiv olmalı, əxlaqsızlıq edən qadınlara qarşı ciddi ölçü götürməlidirlər. Bu kimi təbirlər turistlərlərə qarşı da sərt olmalıdır. Həmçinin, marifləndirmə tədbirləri gücləndirilməlidir. İlk növbədə, əlbəttə, sərt cəza tədbirləri və cərimələrin tətbiqi daha məqbuldur. Qanunvericilikdə də dəyişikliyə, fikrimcə, ehtiyyac vardır. Biz bu ölkəni hər cür təhdidlərdən, eləcə də, əxlaqsızlıqdan, mənəvi terrordan qorumalıyıq.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB