Nazir İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Nazir İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə İƏT ilə ölkəmiz arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış və gələcək perspektivlər müzakirə edilib. İyad bin Amin Mədəni Azərbaycanda yenidən səfərdə olmasından məmnunluğunu ifadə edərək səfərinin əsas məqsədinin İslam Həmrəylik Oyunlarının hazırlığı ilə tanış olmaq və Azərbaycanla əməkdaşlıq imkanlarının yenidən müzakirə etmək olduğunu qeyd edib. Nazir Əbülfəs Qarayev İslam Həmrəylik Oyunlarının hazırlığının bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aiddiyyəti təşkilatların bu işdə lazımı dəstək göstərdiyini bildirərək, nazirlik tərəfindən də həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb.

Nazir görüşdə cari ilin aprel ayında keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunun nəticələri və 2017-ci ilin aprelində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonağa məlumat verib.

Görüşdə həmçinin İƏT institutları ilə əməkdaşlıq və Naxçıvan İslam Mədəniyyəti paytaxtı 2018 hazırlığı ilə bağlı da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə