Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb FOTO

Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfər edib. SİA-nın verdiyi xəbərə görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə BMT Baş Assambleyasının prezidenti cənab Mogens Lykketoft arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.

Əbülfəs Qarayev BMT Baş Assambleyanın prezidenti cənab Lykketofta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə etmiş, 2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb.

BMT Baş Assambleyasının prezidenti cənab Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək, bu tərəfdaşlıqla məmnun olduğunu ifadə edib.

Daha sonra Əbülfəs Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.

Yekunda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək cənab Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə