Türkiyə KİV-i Bakıdan danışıb FOTOLAR

Türkiyə KİV-i Bakıdan danışıb FOTOLAR

Məlumat verdiyimiz kimi, 13-15 may tarixində Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün Azərbaycana press-tur keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq olub, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektlərinə ziyarət edilib.

Səfərin nəticəsi olaraq, Türkiyə mətbuatında Bakının tarixi, mədəniyyəti, əhalisi və görməli yerləri haqqında müxtəlif məqalələr dərc olunub. Məqalədə ilk olaraq, Bakı haqqında təəssürat yaradan Heydər Əliyev adına Hava Limanının digər Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığı, təmizliyi və gözəlliyi ilə hətta bəzilərindən öndə olduğu qeyd olunub.

Bakının tarixi hissəsi olan İçərişəhərin qədimliyi ilə turistləri özünə cəlb etdiyi vurğulanır. İçərişəhərin abidələri sırasında Şirvanşahlar Sarayı və Qız Qalasının adı xüsusilə qeyd olunur.

"Görmədən qayıtmayın" başlıqlı bölmədə Bayraq Meydanı haqqında da məlumat verilir. Bununla yanaşı, bölmədə Heydər Əliyev Mərkəzi, Alov Qüllələrinin də adı çəkilir.

Məqalələrdə Azərbaycanın mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və digər sahələri haqqında məlumatlar da öz əksini tapır.

Qeyd edək ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi 29 fevral 2016-cı il tarixində açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınının artırılması istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə