Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin mətbuat konfransı olub FOTOLAR
Azərbaycan Xalça Muzeyində dahi ingilis yazıçısı Uilyam Şekspirin anadan olmasının 450 illik yubileyi münasibətilə Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqə British Council, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova müsabiqənin xalçaçılıq sənətində bir ilk olduğunu bildirib: "Müsabiqə qərbin lirikası ilə şərqin estetikasını birləşdirməkdə mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, süjetli xalçaçılıq Azərbaycanda geniş yayılmış sənət növlərindəndir. Hazırlanan süjetli xalçada Şekspirin əsərlərinin ölməz qəhrəmanları əks olunacaq.
Müsabiqə peşəkar dizaynerlər, uşaqlar və digər kateqoriyalardan ibarət olmaqla, Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Xüsusi texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompüter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış əsər əsasında xalçalar toxunacaq".
British Council Azərbaycanın direktoru Elizabet Uayt Azərbaycanın qədim xalçaçılıq ənənələrinə malik olduğunu bildirib: "Uilyam Şekspirin vəfatının ildönümü münasibətilə təşkil olunan bu müsabiqə həm də ölkələr arasında mədəniyyət mübadiləsinə xidmət edir. Azərbaycan "Şekspir Xalçası" yazıçının pyeslərindən olan səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər. Əsas olan xalçanın Şekspirin adını və Azərbaycan xalça ənənələrini şərəfləndirməsidir.
Müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq. Həmçinin, qalib olan dizayn əsasında hazırlanan xalça Viktoriya və Albert muzeyinin eksponatları arasında yer alacaq".
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu ifadə edən British Councilin regional direktoru Endi Uilyams Azərbaycanın qədim xalça sənətinin tarixindən də danışıb: "Dünyanın ən böyük və tarixi baxımdan əhəmiyyətli, gözəl xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır. O, Uliyam Şekspirin dünyaya gəlməsindən 15 il öncə toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Ümid edirəm ki, belə zəngin tarixə malik xalçaçılıq sənəti ilə görkəmli yazıçının yaradıcılığını əlaqələndirmək uğurlu nəticələr verəcək".
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov layihənin Azərbaycan xalçaçılıq ənənələrinin dünyada tanıdılmasında töhfə olduğunu vurğulayıb: "Müştərək layihə Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir.
Belə bir müsabiqənin keçirilməsi fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və milli mədəni sərvətimizin beynəlxalq səviyyədə təbliğ olunmasına təkan verəcək".
Qeyd edək ki, müsabiqənin qalibi 31 iyulda elan olunacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB