V Beynəlxalq festival-müsabiqənin qalibləri açıqlanıb FOTOLAR

Bakı Musiqi Akademiyasının akt zalında İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının (20 yaşadək) V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

SİA-nın verdiyi xəbərə görə, müsabiqə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (ISESCO), Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər Nazirliklərinin dəstəyi ilə gerçəkləşib.

"Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, İndoneziya və başqa ölkələrin gənc musiqiçiləri iştirak edib.

Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festival-müsabiqə ənənəvi hal alıb və Azərbaycanda artıq beşinci dəfə keçirilir. Bu il müsabiqədə 8 ölkənin təmsilçiləri iştirak edib: "Son illərdə ölkənin mədəniyyət sahəsində qazandığı uğurlar təqdirəlayiqdir. Ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycanın möhtəşəm beynəlxalq mədəni tədbirlərin – festivalların, müsabiqələrin, forumların keçirildiyi məkana çevrilib. Bu uğurlarda, Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır".

Sonra Təşkilat Komitəsinin sədri, "Kainat" Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə qaliblərin adlarını elan edib. Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, professor Yeganə Axundovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti pianoçu Məhəmmədəli Paşazadəni Qran-pri ilə təltif edib.

1-ci, 2-ci və 3-cü yerləri tutan müsabiqə iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olunub.

Müsabiqə iştirakçıları həmçinin, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyasının həvəsləndirici və xüsusi mükafatları ilə təltif edilib.

Müsabiqə İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin qala-konserti ilə tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...