Azərbaycanlı yazıçıdan növbəti uğur FOTOLAR

Azərbaycanlı yazıçıdan növbəti uğur FOTOLAR

Polşada Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadəyə həmin ölkədə təsis olunmuş və BMT tərəfindən təsdiq edilmiş beynəlxalq Təbəssüm Ordeninin təqdim olunma mərasimi keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutmuş bu səfərdə yazıçımıza "Uşaqlar qarşısında xidmətlər üçün" beynəlxalq Təbəssüm Ordeni təqdim edilib.

Mıslovitsa şəhərində baş tutmuş tədbirdə Azərbaycan tərəfindən Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi Elnarə Məmmədova da iştirak edib.

Ordeni Aygün Bünyadzadəyə Beynəlxalq Təbəssüm Ordeninin təşkilat komitəsinin sədri, eyni zamanda, beynəlxalq uşaq hüquqları üzrə Avropanın Baş Ombusdmanı Marek Mixalak təqdim edib. Təqdimatın ən maraqlı anlarından biri də mükafat almış şəxsin uşaqların onun üçün bir qədəhə sıxdıqları bir neçə limonun suyunu birnəfəsə içməsi, içdikdən sonra isə yenə də öz təbəssümünü saxlaması olub. Bu isə, "həyatın ən çətin anlarında belə, körpə balaların çöhrələrinə təbəssüm bəxş etməyə özümdə qüvvə tapacağam" mənasını verir. Aygün Bünyadzadə bu sınağın da öhdəsindən uğurla gəldikdən sonra uşaqların və tədbirdə iştirak edən qonaqların-Polşa seyminin üzvlərinin, Mıslovitsa şəhərinin merinin və digərlərinin qarşısında orden ona təqdim edilib və yazıçımız "Təbəssüm Ordeni kavaleri (cəngavəri)" fəxri adını qazanıb.

Mıslovitsa şəhəri 3 saylı ibtidai məktəbdə keçirilən tədbirdə Polşa Respublikasının Prezidenti Andjey Dudanın da tədbir iştirakçılarına təbrik məktubu oxunub.

1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə, millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən "Təbəssüm Ordeni"nə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, XIV Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, Stiven Spilberq, Nelson Mandela, Vyaçeslav Kotyonoçkin, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı aktyor Ələkbər Hüseynov və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülüblər.

Qeyd edək ki, Aygün Bünyadzadə bütün Şərq dünyasında bu mükafata layiq görülən ilk xanım yazardır.

Mükafat BMT Baş katibinin qərarı ilə, 1979-cu ildən beynəlxalq status daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə