Yusif Şeyxov: "Yerli dildə subtitri olmayan filmlər yayıma buraxılmayacaq" FOTOLAR
Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə olunması qərarının düzgün anlaşılmasında meydana çıxan mübahisəli məqamlara aydınlıq gətirmək məqsədilə Nizami Kino Mərkəzinin Mətbuat Klubunda KİV nümayəndələri üçün brifinq təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov açıqlama verib: "Filmlərin Dövlət Reyestri ölkəyə gətirilən bütün filmlərin qeydi alınmasının nəzarəti şöbəsidir. Bununla bağlı Milli Məclisdə geniş müzakirələr aparılıb. Kino ilə əlaqədar qanuna əlavə və dəyişikliyin edilməsi qərara alınıb. Hələ illər öncə bu problemin həlli məqsədi ilə bir sıra addımlar atılmışdı. Belə ki, 2006-cı ildən etibarən kinoteatrlarda və televiziya kanallarında nümayiş olunan 12 minə yaxın film qeydə alınmışdı. Bu proses bir neçə il qaydasında davam etdi. Lakin daha sonra yenidən problemlər təkrarlandı. Mədəniyyət və Turizm Nazirliyi tədbir görməyə çalışsa da bu intizamsızlıq davam etdi. Biz də konkret yollara əl atmağa məcbur olduq. Yeni verilən qərara əsasən, televiziya və kinoteatrlarda yayımlanan filmlərin qeydiyyatdan keçirilməsi üçün xüsusi proqram yaradılıb. Tələb olunan sənədlər təhvil veriləndən sonra qısa zaman ərzində icazəsi alınacaq. Əgər filmlər kommersiya məqsədi ilə gətirilibsə, o zaman Azərbaycanda yayımlanması üçün vəsiqə alması mütləqdir. Bir ekran işi üçün yalnız bir dəfə icazə almaq kifayətdir. Bununla bizim digər böyük qazancımız da o, olacaq ki, filmlər Azərbaycan dilində nümayiş olunacaq. Biz başa düşürük ki, dublaj prosesi maddi vəsait və yüksək texnologiya tələb edir. Buna görə də, yalnız yerli dildə subtitri olmayan filmlər yayıma buraxılmayacaq. Aprelin 15-dək vaxt verilib ki, tərcümə ilə bağlı problemlər həll edilsin.
Xüsusi ilə qeyd edim ki, mətbuatda və televiziyada bu qərarla müstəqil filmlərin istehsalına zərbə vurulacağı ilə bağlı müxtəlif fikirlər səslənib. Əksinə, istehsalçıların hüquqlarının müdafiəsində bu qanun böyük əhəmiyyətə malikdir. Porno, zorakılığı təbliğ etməyən istənilən ekran işi yayım hüququ qazana bilər.
Biz bu kompüter proqramını internetə yerləşdirməyi düşünürük. Bununla siz izləmək istədiyiniz filmin reyestrdən keçib-keçmədiyini öyrənə biləcəksiniz. Onu da əlavə edim ki, bu prosesdə heç bir rüsum ödənilməyəcək".
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov da brifinqdə söz alaraq öz fikirlərini bildirib: "Yeni qanunun Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri var. Çünki uzun illərdir ki, ölkə olaraq hər sahədə hüquqlarımızın qorunmasına xidmət edirik. Bu qərar da kinoteatrlarla televiziya arasında hüquqların bölünməsi üçün önəmlidir. Filmlərin qeydiyyatdan keçirilməsi həm müəllifin, həm də yayım vasitələrinin əməyinə verilən yüksək qiymətdir. Bu, həmçinin, rəqabəti stimullaşdırmaq üçün də mühüm amildir".
Qeyd edək ki, filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 753 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi dəyişikliklər olunub.
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB