Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi ilə birgə Xocalı soyqırımına həsr olunmuş "Cəzasız cinayət" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi "XX əsrin faciəsi - Xocalı" adlı rəsm əsərinin təqdimatı olub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, rəssam Əşrəf Heybət, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət şöbəsinin sektor müdiri Qalib Qasımov, əməkdar elm xadimi, tarix elmləri doktoru, Moskvada yerləşən "Ocaq" cəmiyyətinin sədri Tofiq Məlikli, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimov, elm xadimləri, Respublikamızda fəaliyət göstərən səfirliklərin nümayəndələri, Milli Məclisin üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Mərasimin açılışını edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Xocalı faciəsində həlak olan dinc sakinlərin xatirəsini yad edərək onlara Allahdan rəhmət diləyib və erməni vandallarının törətdiyi bu amansız cinayətin qanının yerdə qalmayacağını, ölkə başçısının uğurlu siyasəti nəticəsində ədalətin bərpa olunacağına inamını bildirib. O, çıxışında rəssam Əşrəf Heybətin yaradıcılığı haqqında da danışıb. Rəssamın "XX əsrin faciəsi-Xocalı" adlı rəsm əsərinin Azərbaycan xalqına qarşı törədilən soyqırımın bədii çalarlarla ifadəsi olduğunu bildirib.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və Dekorativ sənət şöbəsinin sektor müdiri Qalib Qasımov fevralın 25-dən 26-na keçən gecə baş verən bu qəddarlığın bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. O, həmçinin, Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi əsərini qətliamın bədii ifadəsi adlandırıb. Qalib Qasımov o qanlı gecədə həlak olan bütün şəhidlərə rəhmət, ailələrinə isə səbr diləyib.
Qeyd edək ki, tədbirin bədii hissəsində "Günay Uşaq Teatrı" tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub.








Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB