Mədəni proqram təşkil edilib FOTOLAR

Mədəni proqram təşkil edilib FOTOLAR

Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində tədbir iştirakçıları üçün Oman Sultanlığının İrs və Mədəniyyət Nazirliyi tərəfindən mədəni proqram təşkil olunub. SİA-nın məlumatına görə, proqram çərçivəsində 2015-ci ildə İslam mədəniyyəti paytaxtı olan Nizva şəhərinə səfər edilmiş və burada qonaqlar mədəniyyət evinin açılışında iştirak ediblər. Açılışdan sonra Oman Sultanlığının irs və mədəniyyət naziri Sayyid Haitham bin Tariq al Said çıxış edərək tədbirin iştirakçılarını ölkələrində qəbul etməkdən məmnunluğunu bildirib və gələcəkdə hər bir İslam ölkəsi ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Nizva şəhəri haqqında qısa məlumat verən Nazir 2015-ci ildə İslam mədəniyyəti paytaxtı adının verilməsinə görə Təşkilatın rəhbərliyinə təşəkkür edib.

Daha sonra İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında bildirib ki, Nizva şəhəri bu il İslam mədəniyyəti paytaxtı kimi olduqca geniş tədbirlər həyata keçirmiş və İslam mədəniyyətinin tanıdılmasında əziyyəti keçənlərə təşəkkür edib. Tədbir zamanı qonaqlar Nizva şəhərində yerləşən Qəsri ziyarət edib. Bu tarixi abidə Omanın simvollarından sayılır və il ərzində Avropadan eləcə də, Yaxın Şərqdən çoxsaylı turistlər buranı ziyarət edir. Burada həmçinin əl sənətkarlığı nümunələrindən, müxtəlif rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Bundan əlavə folklor qruplarının konsert proqramı da İslam ölkələrindən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu gün İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransının rəsmi bağlanış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə