AKB işgüzar görüşünü uğurla başa vurdu FOTO

AKB işgüzar görüşünü uğurla başa vurdu FOTO

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) Birinci Azərbaycan Görüşlər Sənayesi işgüzar görüşünü müvəffəqiyyətlə həyata keçirib. SİA-nın məlumatına görə, ilk dəfə olaraq Rusiya Federasiyasında təşkil olunan tədbir oktyabr ayının 8-də Moskvada "Intercontinental Tverskaya" mehmanxanasında baş tutub.

Rusiyanın turizm sahəsində ixtisaslaşan dövlət qurumlarının və aparıcı şirkət və korporasiyalarının, təşviqat təşkilatları və Görüşlər Sənayesi nümayəndələrinin iştirak etdiyi tədbirdə, Azərbaycanda bütövlükdə turizmin, o cümlədən işgüzar turizmin inkişafı üçün yaradılan şəraitdən bəhs edilib.

Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun üzvləri olan aparıcı turizm şirkətləri və mehmanxanalar barədə, həmçinin ölkəmizin bir sıra iri siyasi və ictimai forumlara habelə böyük idman yarışlarına ev sahibliyi etməsi barədə məlumat verilib.

Tədbirin əsas hədəfi Azərbaycanı inkişaf edən işgüzar turizm məkanı kimi təşviq etmək, nəinki paytaxt Bakıda həmçinin ölkənin digər şəhərlərində beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən rahat infrastruktur və şərait barədə Rusiya alıcılarını məlumatlandırmaqdır, Büronun direktoru Florian Sengstschmid vurğulayıb.

Bu mötəbər tədbir zamanı Azərbaycanın milli-mədəni xüsusiyyətlərini əks etdirən təqdimatlar da həyata keçirilib. Belə ki, tədbir iştirakçıları xalqımızın mühüm adətlərindən olan və milli mətbəximizin şirniyyatları ilə zəngin olan çay dəsgahı, qədim toy adət-ənənələrimizdən olan xına mərasimi və basma sənətinin incəlikləri ilə tanış olma imkanı əldə ediblər.

İşgüzar görüş çərçivəsində həmçinin mətbuat konfransı da baş tutub ki, Rusiya mediasının 25-dən çox nümayəndəsi Azərbaycanın əldə etdiyi uğurlar və inkişaf edən turizm sahəsi, bu sahədəki yeniliklər barədə məlumatlandırılıblar.

Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonlarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaranıb və fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə