MTN BMT-nin tədbirində

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə Nyu-Yorkda səfərdədir. SİA-nın məlumatına görə, səfər çərçivəsində V.Eyvazzadə ilə BMT Sivilizasiyalar Alyansının rəsmiləri arasında keçiriləcək görüşdə 7-ci Qlobal Forumun gündəliyi, konseptual sənədlər və mövzular, yüksək səviyyəli rəsmilərin protokol məsələləri, Forum çərçivəsində nazirlər toplantısı, plenar və işçi sessiyalar barədə müzakirələr aparılacaq. BMT Baş Assambleyası çərçivəsində keçiriləcək BMTSA nazirlər toplantısında V.Eyvazzadənin təqdimatla çıxışı və Azərbaycan haqqında filmin nümayişi nəzərdə tutulur. Səfər çərçivəsində Amerikada yəhudi, müsəlman və xristian icmaları arasında dialoqu təşviq edən Etnik Anlaşma Fondunun nümayəndələri ilə də görüş planlaşdırılır.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 iyul 2015-ci il tarixində sərəncam imzalamış və tədbirin Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə