Prezident kuboku uğrunda 9-cu çövkən milli oyununa yekun vurulur

Prezident kuboku uğrunda 9-cu çövkən milli oyununa yekun vurulur

Xəbər verdiyimiz kimi, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya veriklən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlara Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın, Xaçmaz rayonlarının və paytaxtın "Sərhədçi", "Polad", "Kövsər" komandaları qatılıb.

Oyunların açılış mərasimində Şəki şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələri, iştirakçı rayonlardan gəlmiş qonaqlar və yerli azarkeşlər iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılan Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması və təbliği məqsədi daşıyır.

Çövkən üzrə seçmə oyunlar keçirilib. Seçmə oyunlarda uduzan komandalar yaylıq, papaq və sürpapaq oyunları üzrə yarışıblar. Sürpapaq oyunu üzrə finala Balakən və Ağcabədi komandaları, papaq oyunu üzrə finala isə Oğuz və Yevlax komandaları çıxıb. Yaylıq oyununda Qəbələ komandası birinci olub. Sonrakı yerləri İsmayıllı və Goranboy rayonlarının komandaları tutublar.

Çövkən oyunu üzrə keçirilən yarımfinalda "Kövsər" komandası Ağstafa təmsilçilərini 3:1, "Sərhədçi" isə Ağdam komandasını 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, dekabrın 22-də keçiriləcək final görüşündə Bakının "Kövsər" və "Sərhədçi" komandaları üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə