Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Özbəkistan KİV-ində Azərbaycan haqqında ən yaxşı məqalə" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqə 2013-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mərkəzinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə elan olunmuş və müsabiqənin əsas məqsədi qardaş Özbək mətbuatında Azərbaycan mövzusunun daha çox işıqlandırılması və təbliğidir.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 3 nominasiya üzrə "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzusunda elan edilmiş və bu mövzularda Özbək mətbuatında xeyli məqalə dərc olunub. Müsabiqəyə təqdim olunmuş məqalələrə baxış keçirilib və qeyd olunan nominasiyalar üzrə qaliblər artıq müəyyən edilib.
24 may tarixində Özbəkistanın KİV nümayəndələrinin iştirakı ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev tərəfindən mükafatlandırılacaqlar.
Nəzərinizə çatdıraq ki, "Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə" müsabiqəsinin qalibləri Fəxri Fərmanı və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsis etdiyi pul mükafatı ilə təltif olunacaqlar.
Daha sonra tədbirdə 2014-cü il üçün növbəti müsabiqənin nominasiyaları elan olunacaq. 2014-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə "Sənaye ili" elan olunmasını nəzərə alaraq, builki nominasiyalar arasında "Azərbaycan iqtisadiyyatı" mövzusu olacaq. Bu nominasiya üzrə təqdim olunan məqalələrdə əsas olaraq Qafqazın lider dövləti olan Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi nəhəng layihələr və qazanılmış uğurların işıqlandırılmasına üstünlük veriləcək. Bundan başqa, digər nominasiyalar "Azərbaycanın turizm gözəllikləri", "Azərbaycan ədəbiyyatı" mövzuları olacaq.
Tədbirlə əlaqədar Mədəniyyət Mərkəzinin foyesində "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzusunda kitab sərgisi və Mədəniyyət Mərkəzində Özbək jurnalistlərinin şərəfinə ziyafət veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB