Bu gün Azərbaycan Milli Dram Teatrında xalq yazıçısı İsa Muğanna ilə vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca, xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, media nümayəndələri, mərhumun ailə üzvləri və başqaları iştirak ediblər.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev İsa Hüseynovun vəfatını Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük itki olduğunu diqqətə çatdırıb: "İsa Hüseynov Azərbaycanın böyük yazıçısıdır. Mən 14-15 yaşımda yazdığım hekayələri İsa müəllimə göstərirdim. O vaxt düşünməzdim ki, zaman gələcək, bu ustad yazıçının vida mərasiminin açılış nitqini mən edəcəyəm. Onun əsərləri və həmin əsərlərə çəkilən filmlər əbədi olaraq bizim xatirələrimizdə yaşayacaq".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də çıxış edərək İ. Hüseynovun həyatının hər bir insan üçün örnək olduğunu söyləyib: "İsa Hüseynovun əsərlərini oxuduqca insan Azərbaycan dilinin gözəlliyinə heyrət edir. Ustad sənətkar ilk növbədə böyük nasir idi. O, həm də gözəl ssenarist idi və yazdığı ssenarilər Azərbaycan kinosunun inkişafına böyük təkan verib. 86 il mənalı ömür yaşayan İsa Hüseynovun həyatı bizim üçün örnəkdir".
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçı və insan kimi İ. Hüseynovun böyük şəxsiyyət olduğunu bildirib: "İtkimiz çox böyükdür. O, Azərbaycan ədəbiyyatında təkrarsız yazıçısı idi. İsa Azərbaycan ədəbiyyatına yeni ruh gətirmişdi. Mənim taleyimdə də onun böyük rolu var. O, gözəl yazıçı olmaqdan başqa, saf və nəcib insan, gözütox yazıçı idi. Tez-tez zəngləşirdik. Novruz bayramında zəngləşdik, səsi gümrah gəlirdi. Düşünürdüm ki, o hələ çox yaşayacaq, yeni əsərləri ilə bizi sevindirəcək. İsanın yeri həmişə görünəcək".
İ. Hüseynovun qızı Sevinc Hüseynova çıxış edərək ailəsi adından vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
Xalq yazıçısı İsa Hüseynovun vəfat ilə bağlı xalq şairi Fikrət Qoca bu günün onun vəfatı haqda danışmağın çox çətin olduğunu bildirib: "İsa müəllim çox zəhmətkeş insan olub. Bütün Azərbaycan poeziyası böyük sənətkarını itririb. O, hər kəsin ağsaqqalı idi. Allah hər birimizə səbr versin".
Daha sonra Milli Məclisin Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov İsa Hüseynovun Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından biri olduğunu diqqətə çatdırıb: "İsa Hüseynov yalnız müasir dövrün deyil, bütün tarixin ən böyük yazıçısıdır. Onun ruhani zənginliyi bütün xarakteri idi. Dünya ədəbiyyatı tarixində seçilən yazıçıdır. Onun hər əsəri bir hadisədir. Ən üstün cəhəti isə dövlətini, xalqını sevən və hər yerdə onu müdafiə edən sənətkar idi. Düşünürəm ki, onun bu xasiyyəti digər yazıçılarımıza da örnək olmalıdır. O, səmimi, mehriban şəxsiyyət olub. Allah İsa Hüseynova rəhmət eləsin".
Xalq artisti Rasim Balayev də açıqlama verərək İsa Hüseynov ədəbiyyata və incəsənətə yeni ruh gətirdiyini bildirib: "İsa Hüseynov özü kimi peşəkarlarla çiyin-çiyinə çalışan sənətkar olub. Onun ədəbi fəaliyyəti haqda geniş danışmağa ixtiyarım olmasa da, onun bir kino xadimi kimi Azərbaycan filminə göstərdiyi xidmətlər danılmazdır. İ.Hüseynovun "26-lar", "Tütək səsi", "Nəsimi", "Ulduzlar sönmür" və başqa filmləri geniş tamaşaçı kütləsinin rəğbətini qazanmağı bacarıb. İsa Hüseynovun öz işinə məsuliyyəti məni çox heyrətləndirmişdi. Mən çox yazıçıların əsərlərində çəkilmişəm. Amma İsa Hüseynov qədər öz işinə məsulliyyətlə yanaşan ikinci yazıçı tanımıram. Çünki o, bütün yaradıcı heyətlə hər gün çəkilişlərdə iştirak edirdi. İsa Hüseynov sırf yaradıcı inasan olub. İsa Hüeynov əbədi olaraq öz əsərləri və bəzi əsərləinə çəkilən filmləri ilə hər zaman insanların yaddaşında qalacaq. Allah rəhmət eləsin".
Qeyd edək ki, İsa Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib və bu gün I Fəxri Xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB