11-15 aprel 2013-cü il tarixində Qazaxıstanın Kostanay şəhərində keçirilən "Qızıl mikrofon" beynəlxalq vokal müsabiqəsində gənc vokalçımız Emin Eminzadə 3-cü dəfə beynəlxalq müsabiqənin laureatı oldu. DAK-dan SİA-ya verilən məlumata görə, Qazaxıstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqə YUNESKO və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. 10 nəfər münsiflər heyətindən təşkil olunmuş müsabiqədə, Azərbaycan da daxil olmaqla 12 ölkədən olan nümayəndə iştirak edib.
Ölkəmizi mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən G. Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Emin Eminzadə (məsləhətçi müəllimə, professor SSRİ xalq artisti Fidan Qasımova) təmsil edib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) gənc üzvü olan Emin Eminzadə müsabiqədə görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və "Bessame muço" ispan mahnısını ifa edib. Kostanaydakı Azərbaycan diasporu, xüsusilə "Birlik" Cəmiyyətinin sədri Vidadi Yusubov və onun müavini Rəfail Hacıbalayev isə əllərində üçrəngli, ay-ulduzlu bayraqlarımızla gənc vokalçımıza böyük dəstək veriblər. Emin Eminzadə bundan əvvəlki müsabiqələrdə olduğu kimi yenə də öz ifası ilə tədbirdəki bütün hər kəsi heyrətləndirməyi bacarıb və münsiflər heyətinin 10 üzvünün də hər biri azərbaycanlı vokalçının ifasını 10 balla qiymətləndirib. Nəticədə Emin Eminzadə iştirakçılar arasında ən yüksək balı toplayaraq birinci olub və "Qızıl mikrofon" beynəlxalq vokal müsabiqəsinin laureatı adına layiq görülüb.
Sonda azərbaycanlı gənc vokalçıya Kostanay vilayətinin rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Emin Eminzadə artıq üçüncü dəfədir ki, Azərbaycanı uğurla təmsil edir və beynəlxalq müsabiqələrin laureatı olur. Belə ki, azərbaycanlı gənc vokalçı 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB