11 yaşlı ifaçı Ukraynada keçiriləcək beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - FOTO

11 yaşlı ifaçı Ukraynada keçiriləcək beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - FOTO

Çoxsaylı müsabiqələrin qalibi olan 11 yaşlı Yasin Həsənov Ukraynada keçirilən populyar mahnı yarışmasında Azərbaycanı təmsil edəcək. Gənc ifaçı Buta İncəsənət Mərkəzinin dəstəyi ilə Ukraynada keçiriləcək "Uşaq Yeni Dalğa 2012" gənc ifaçıların populyar mahnı müsabiqəsində iştirak edəcək. SİA-ya verilən məlumata əsasən, müsabiqə avqust ayının 15-i 2012-ci il tarixində Krımda keçiriləcək.

Qeyd edək ki, Yasin Həsənov 100-ə qədər iştirakçının qatıldığı müsabiqənin ilkin seçim turundan uğurla keçərək ancaq 25 nəfərin qaldığı yarımfinala vəsiqə qazanıb. Aprel ayında Moskva şəhərində keçirilən yarım finalda isə iştirakçılardan cəmi 15 nəfər istedadlı gənc seçilərək finala qatılmaq imkanı əldə edib. Yasinin müsabiqədə iştirakına Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dəstək verib. Qeyd edək ki, ilkin seçim və yarım final mərhələlərində müsabiqəyə Azərbaycandan digər ifaçılar qatılsalar da onlar finala keçməyə müvəffəq olmayıb.

Yarım finalın jürisində bəstəkar İqor Krutoy, A.Rezvin, A.Rumyansev kimi ünlü musiqi xadimləri olub. Yasin Həsənov müsabiqədə Müslüm Maqomayevin "Azərbaycan" və Mario Lansın "Qranada" mahnılarını ifa edərək jürilərin və tamaşaçıların qəlbini fəth edib. Gözəl ifası və istedadına görə jüri üzvləri ona "Bülbül" ləqəbini verib.

Yarışmanın final turu avqustun 15-də Krımda, məşhur Artek mərkəzində yer alacaq. Qalib yerli və xarici müğənnilərdən, prodüser və yabançı musiqi şirkətlərinin nümayəndələrindən ibarət olan Beynəlxalq jüri tərəfindən seçiləcək.

Məlumat üçün bildirək ki, Yasin Həsənov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2006-ci ildə o, yüksək bal toplayaraq Heydər Əliyev adına liseyə daxil olub. Daha sonra Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin vokal şöbəsinə qəbul olub.

Son illər ərzində Yasin musiqi sahəsində bir sıra mühüm uğurlara nail olub. Belə ki, o, Sankt-Peterburqda keçirilən "Праздник детсва" adlı Beynəlxalq Uşaq Musiqi müsabiqəsində 27 ölkənin yüzlərlə nümayəndəsi arasında qalib olaraq "Qran Pri" mükafatına layıq görülüb. Həmçinin Belarusda keçirilən "Земля под белыми крылями" Beynəlxalq Vokal müsabiqəsində 25 ölkənin nümayəndəsi arasında "Qran Pri"yə layiq görülərək Azərbaycanın bayrağını yüksəldib. Yasin həmçinin Rumıniyada keçirilən Beynəlxalq "Ti Amo" mahnı müsabiqəsində "Qran Pri"yə və digər nominasiyada üçüncü yerə layiq görülüb. Daha sonra isə Belorusda keçirilən "Золотая пчёлка" müsabiqəsində 2-ci yerə və "Славянский базар" Beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülərək xüsusi mükafatla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə